Normal view

Today — 11 May 2026Main stream

Uşanqi Kokauri Astanada gümüş medal qazandı

11 May 2026 at 20:00

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan millimizin üzvü finala qədər məğlubiyyətsiz irəliləyib.

O, Qazaxıstan təmsilçisi Jantilek Nurtilepulunu, Almaniya cüdoçusu Erik Abramovu, yarımfinalda fransalı Timan Diabini məğlub edib.

Uşanqi Kokauri həlledici görüşdə rusiyalı İnal Tasoyevə uduzaraq ikinci olub.

Xatırladaq ki, Kokauri bir həftə əvvəl Düşənbədə keçirilmiş “Böyük Dəbilqə” turniriində də bürünc mükafat qazanmışdı.

Azərbaycan millisi 8–10 mayda keçirilmiş Astana “Böyük Dəbilqə”sində bütövlükdə 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə yarışıb. Amma Rəşad Yelkiyev, Turan Bayramov (-66 kq), Rəşid Məmmədəliyev (-73 kq), Aslan Kotsoyev (-90 kq), Camal Feyziyev (+100 kq), Könül Əliyeva, Şəfəq Həmidova (-48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (-52 kq) və Südabə Ağayeva (-70 kq) Qazaxıstandakı yarışda medalsız qalıblar.

Yeri gəlmişkən, Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kuboku da başa çatıb. Sonuncu yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar.

İlk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər.

Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

❌
❌