İnyaki Penya “Barselona”nı “Panatinaikos”a dəyişdi
Futbol üzrə İspaniya çempionu “Barselona”nın qapıçısı İnyaki Penya bundan sonra Yunanıstanın “Panatinaikos” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.
“Barsa” 27 yaşlı ispaniyalı qapıçını 3 milyon avro müqabilində satıb. Kataloniya klubunda möhkəmlənə bilməyən qolkiper “Panatinaikos”la 3 illik müqaviləyə imza atıb.
İnyaki Penya futbola “Vilyarreal”da başlasa da, “Barselona”nın yetirməsi hesab edilir. O, Kataloniya klubunun əsas komandasının heyətində 45 oyuna çıxıb, 64 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.
Penya 2022-ci ildə Türkiyənin “Qalatasaray” klubunda, ötən mövsüm isə “Elçe”də icarədə də olub.
Qeyd edək ki, Penya “Barselona”da Voyçex Şesnı, Mark-Andre ter Ştegen və Xoan Qarsiyadan sonra dördüncü qapıçı idi.
İspaniyanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamasına baxmayaraq, Penyaya əsas millidə debüt etmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.