İnyasio Abate – “Torino”nun yeni baş məşqçisi!
İtaliya yığmasının və “Milan”ın keçmiş cinah müdafiəçisi İnyasio Abate A Seriyasında mübarizə aparan “Torino”ya baş məşqçi təyin edilib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Turin klubunun yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Abate “Torino”nun “sükanı arxası”nda 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Roberto D’Aversanı əvəz edib. 50 yaşlı italyan mütəxəssis bu ilin fevral ayından sözügedən komandaya rəhbərlik edirdi. “Torino” ötən mövsüm A Seriyasını 12-ci pillədə başa vurub. Bu üzdən də klub rəhbərliyi yeni baş məşqçi təyinatına üstünlük verib.
İnyasio Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Pyaçentsa”, “Modena”, “Empoli” kimi klublarla yanaşı, “Torino”nun da formasını geyinib. İtaliya millisinin sabiq üzvü məşqçilik fəaliyyətinə “Milan”ın aşağı yaş qruplarında başlayıb, daha sonra “Ternana”ya rəhbərlik edib. O, son olaraq B Seriyası təmsilçisi “Yuve Stabiya”nı çalışdırıb.