Caner Erkin karyerasını başa vurdu
2026-cı ilin əvvəlindən klubsuz olan futbol üzrə Türkiyə milli komandasının keçmiş sol cinah müdafiəçisi Caner Erkin peşəkar karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Xatırladaq ki, Caner Erkin “Manisaspor”un yetirməsidir. Müdafiəçi Türkiyədə “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Fatih Karagümrük”, “Başakşəhər”, “Eyüpspor” kimi klubların da şərəfini qoruyub. O, Rusiyada ÇSKA (Moskva), İtaliyada “İnter” kimi klublarda legioner həyatı da yaşayıb. Canerin sonuncu klubu “Sakaryaspor” olub. O, bu ilin fevralında sözügedən klubu tərk edəndən bəri işsiz idi.
Caner 2006-2021-ci illər aralığında formasını geyindiyi Türkiyə yığmasının heyətində 63 matç keçirib, 2 qol vurub.
Türkiyəli futbolçu ÇSKA ilə 3 dəfə Rusiya Kubokunu qazanıb. O, bir dəfə “Beşiktaş”la, iki dəfə “Fənərbağça” ilə Türkiyə çempionu olub. “Fənər”in heyətində iki dəfə Türkiyə Kubokunu qazanmış futbolçu bir dəfə bu komanda ilə Super Kubok sevinci də yaşayıb.