Mehriban Əliyeva Avropa çempionu olan millimizi təbrik etdi
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olmuç minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib.
Arena.az xəbər verir ki, bununla bağlı birinci xanımın sosial şəbəkə hesablarında paylaşım edilib.
Paylaşımda bunlar qeyd edilib:
“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edirəm. Milli komandamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”
Xatırladaq ki, minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatının qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv ötən gecə baş tutmuş final qarşılaşmasında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
Bu, sonuncu dünya çempionatının da qalibi olan Azərbaycan millisinin ikinci Avropa çempionluğudur. Komandamız daha əvvəl 2022-ci ildə bu titula sahib çıxmışdı. Mehriban Əliyeva ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli komandamızı bu uğuru münasibəti ilə təbrik etmişdi.