Mikel Oyarsabal: “Real Sosyedad” mənim evimdir”
La Liqada çıxış edən “Real Sosyedad”ın məzunu və kapitanı Mikel Oyarsabal San-Sebastyan klubundakı gələcəyi ilə bağlı fikrini açıqlayıb.
Arena.az 29 yaşlı ispaniyalı mərkəz hücumçusunun müvafiq fikrini təqdim edir:
“Minlərlə dəfə demişəm ki, evim burada – San-Sebastyandadır. Bura, böyüyüb boya-başa çatdığım, özümü yaxşı hiss etdiyim məkandır. Həmçinin qarşıda müqavilə üzrə hələ iki ilim var”, deyə Oyarsabal bildirib.
Mikel Oyarsabal futbola “Eybar”da qədəm qoyub. Buradan “Real Sosyedad”a keçmiş hücumçu 2016-cı ilin yanvarında bask klubunun əsas komandasına keçirilib.
Mikel Oyarsabalın “Real Sosyedad”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Bask klubu komandanın kapitan sarğısını məhz Oyarsabala etibar edib.
Oyarsabal “Real Sosyedad”ın heyətində 437 oyuna çıxıb, 133 qol vurub, 65 məhsuldar ötürmə müəllifi olub.
Mikel Oyarsabal 2016-cı ilin mayında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 27 qol vurub və 12 məhsuldar ötürmə verib.
Oyarsabalın qənimətlər muzeyində “Real Sosyedad”la 2 dəfə qazandığı İspaniya Kral Kuboku (2019/2020, 2025/2026) və İspaniya yığması ilə qazandığı Avropa çempionatı (2024) var. Oyarsabal həmçinin İspaniyanın U-21 yığması ilə 2019-cu ildə keçirilmiş gənclərin Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 29 ispaniyalı mərkəz hücumçusunun trasnfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.