Normal view

Today — 30 May 2026Main stream

Nikolas Otamendi “River Pleyt”də!

30 May 2026 at 18:00

Futbol üzrə Argentina milli komandasının sabiq mərkəz müdafiəçisi, 38 yaşlı Nikolas Otamendi karyerasını ölkəsində davam etdirəcək.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Portuqaliyanın “Benfika” klubundan azad agent kimi ayrılaraq “River Pleyt” klubu ilə müqavilə imzalayıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Xatırladaq ki, Nikolas Otamendi “Veles Sarsfield”in məzunudur. Argentinalı müdafiəçi, karyerası ərzində “Portu”, “Valensiya”, “Atletiko Mineyro” və “Mançester Siti”də də çıxış edib.

“Benfika” Otamendini 2020-ci ilin sentyabr ayında 15 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən tamhüquqlu əsasda “qartallar”ın düşərgəsinə qatmışdı. Otamendinin “qartallar” üçün çıxışının ümumi mənzərəsi 281 oyun, 18 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Otamendi “Benfika” ilə Portuqaliya çempionluğunu, Portuqaliya Liqa Kubokunu və Portuqaliya Super Kubokunu qazanıb.

Nikolas Otamendi 2009-cu ilin may ayında debüt etdiyi Argentina yığmasının heyətində 126 oyuna 7 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Müdafiəçi “albiseleste” ilə FIFA Dünya Kubokunun (2022) və Amerika Kubokunun (2021, 2024) qalibi olub.

“Transfermakt” internet-portalı 38 yaşlı argentinalı veteran mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

❌
❌