Normal view

Today — 20 June 2026Main stream

Serci Roberto “Komo”dan ayrıldı

20 June 2026 at 15:00

“Barselona”nın keçmiş kapitanı, ispan yarımmüdafiəçi Serci Roberto 2 ildir formasını geyindiyi İtaliyanın “Komo” komandasından ayrılıb.

Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər bu yaya qədər olan müqavilənin müddətini uzatmaq istəməyiblər. Klub təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib, uğurlar arzulayıb.

Serci Roberto 2024-cü ilin yayında azad agent kimi qoşulduğu “Komo” ilə 2 illik müqavilə bağlamışdı. 34 yaşlı ispan futbolçu bu komandanın heyətində keçirdiyi iki mövsüm ərzində 37 oyuna çıxıb, 1 qol və 1 assist müəllifi olub.

Serci Roberto futbola “Sante-Kreus” klubunda qədəm qoyub, bir müddət sonra Tarraqonanın “Ximnastik” klubuna, oradan isə “Barselona”ya keçib. O, məhz “Barselona”da bir oyunçu kimi püxtələşib, “bluqrana”nın heyətində keçirdiyi 14 il ərzində kapitanlığa qədər yüksəlib.

Roberto “Barselona”nın heyətində ümumilikdə 373 oyuna çıxıb, 19 qol vurub, 43 məhsudar ötürmə verib.

Serci Roberto 2016-cı ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

Roberto “Barselona” ilə İspaniya La Liqasının (7 dəfə), İspaniya Kral Kubokunun (6 dəfə), İspaniya Super Kubokunun (5 dəfə), Çempionlar Liqasının (2 dəfə), UEFA Super Kubokunun, FIFA Klub dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 1,4 milyon avro məbləğində qiymətləndirir.

❌
❌