“Barselona” Xosue Kaysedonu heyətinə qatdı
Futbol üzrə İspaniya çempionu “Barselona” Ekvadorun “LDU Kito” klubunun yarımmüdafiəçisi Xosue Kaysedonun transferini rəsmiləşdirib.
Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu növbəti mövsümü Kataloniya təmsilçisinin sistemində keçirəcək və əsasən B komandasının heyətində çıxış edəcək.
Klublar arasında şifahi razılıq ötən həftə əldə olunsa da, tərəflər artıq transferlə bağlı bütün hüquqi prosedurları tamamlayıblar.
Kaysedo “Barselona”ya bir illik icarə əsasında qoşulub. Müqavilədə futbolçunun transfer hüquqlarının 2,5 milyon avroya satın alınması opsiyası nəzərdə tutulub. Kataloniya klubu icarə müddəti başa çatdıqdan sonra bu hüquqdan yararlana biləcək.
Bununla yanaşı, müqavilədə məcburi satınalma bəndi də yer alıb. Belə ki, yarımmüdafiəçi baş məşqçi Hansi Flikin rəhbərliyi altında əsas komandada ən azı dörd rəsmi matça çıxacağı təqdirdə, “Barsa” futbolçunun transferi üçün müəyyənləşdirilmiş məbləği ödəməyə borclu olacaq.
Tamhüquqlu transfer baş tutacağı halda, “LDU Kito” futbolçunun gələcəkdə başqa kluba satışından əldə olunacaq məbləğin 20 faizinə sahib olacaq.
Qeyd edək ki, Xosue Kaysedo ötən mövsüm “LDU Kito”nun heyətində sabit oyun praktikası qazanmayıb. O, bütün turnirlərdə cəmi 10 oyunda meydana çıxıb və aktivinə 1 məhsuldar ötürmə yazdırıb.