Nagelsman və Advokat tarixə düşdülər, Kurasao rekordçu oldu
DÇ-2026-nın qrup mərhələsinin Almaniya – Kurasao matçı baş məşqçilər Yulian Nagelsman və Dik Advokat üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, sözügedən komandaların Hyustonda (ABŞ, Texas) baş tutmuş görüşündə almanlar 7:1 hesablı qələbəyə seviniblər.
Almanların baş məşqçisi Yulian Nagelsmanla Kurasao millisinə rəhbərlik edən Dik Advokat isə dünya çempionatlarının tarixinə düşüblər. Belə ki, Nagelsman mundiallarda meydana komanda çıxarmış ən gənc, Advokat isə ən yaşlı baş məşqçi olub. Oyun günündə Nagelsman 38 yaş 326-cı günlük, Advokat isə 78 yaş 260 günlük olub.
Dünya çempionatlarında debüt edən Kurasao millisi də dünya çempionatında yeni rekord müəyyənləşdirib. Belə ki, sözügedən milli dünya çempionatlarında əhali sayına və ərazi sahəsinə görə qol vuran ən kiçik ölkənin komandası olub və İslandiyaya məxsus rekordu yeniləyib. Kurasao millisinin yeganə qolunu 21-ci dəqiqədə Livano Komenensiya vurub.
Qeyd edək ki, daha əvvəl bu rekord İslandiya yığmasına məxsus idi. Təxminən 350 min əhalisi olan ölkənin komandası DÇ-2018-də fərqlənmişdi. Kurasaonun ərazisi 444 kvadratmetr, əhalisinin sayı isə 186 min nəfərdir. Bir sözlə, bu ölkənin ərazisi təxminən Bakı şəhərinin yarısından da kiçikdir. Əhalisinin sayı isə təxminən Azərbaycanın orta ölçülü rayonlarından biri qədərdir.
