Reading view

Manuel Noyer DÇ-2026-dan sonra Almaniya millisindən gedəcək

Almaniya yığmasının qapıçısı Manuel Noyer dünya çempionatından (DÇ-2026) sonra milli komandadakı karyerasını başa vuracağını açıqlayıb.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiperin sözlərini jurnalist Fabrisio Romano özünün X sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

AÇ-2024-dən sonra Almaniya millisinə dəvət almayan Noyer Şimali Amerikada keçirilən dünya çempionatında iştirak etmək üçün yenidən yığmaya qayıtmışdı.

“Bu, Almaniya millisində mənim son turnirim olacaq. İki ildən sonra keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırmıram.

Mən hər oyunu səbirsizliklə gözləmək və vida, yaxud son matç haqqında düşünməmək istəyirəm”, – deyə Noyer bildirib.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bayern”də çıxış edir. Təcrübəli qolkiper Münhen təmsilçisi ilə 13 dəfə Almaniya çempionu, 7 dəfə ölkə Super Kubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. O, həmçinin iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu il mundialında isə bürünc medal qazanıb.

Bundan əvvəl təcrübəli qolkiper dünya çempionatlarının beşində iştirak edən ikinci qapıçı olmuş, həmçinin mundial tarixində qapıçılar arasında keçirilən oyunların sayına görə rekordu təkrarlamışdı.

Ole Verner “Leypsiq”dən qovuldu

Almaniyalı futbol mütəxəssisi Ole Verner Bundesliqada mübarizə aparan “Leypsiq” komandasının baş məşqçi vəzifəsindən qovulub.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

38 yaşlı mütəxəssisin klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi olsa da, Bundesliqa təmsilçisi onu vaxtından əvvəl istefaya göndərilib.

Ole Verner məşqçilik karyerasına “Holştayn Kil” komandasında başlayıb. O, dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. 2025-ci ilin iyul ayından “Leypsiq”ə rəhbərlik edən almaniyalı mütəxəssis bu komandanı 38 oyuna çıxarıb, 23 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət görüb.

“Leypsiq” son mövsümdə Almaniya Bundesliqasında 34 oyuna topladığı 65 xalla 3-cü yeri tutub və bürünc medallarla kifayətlənib. Komanda 34 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Almaniya millisi – DÇ-lərdə ən çox qol vuran komanda!

ABŞ, Kanada və Meksikada təşkil edilmiş dünya çempionatına möhtəşəm başlamış Almaniya millisi mundialların tarixinə düşüb.

Arena.az xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kurasao yığmasını 7:1 hesabı ilə məğlub etmiş “bundestim” yeni rekord müəyyənləşdirib.

Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar.

Beləliklə, Almaniya millisi mundiallar tarixində ən çox qol vuran yığma komanda olub.

Xatırladaq ki, Almaniya milli komandasını yer aldığı E qrupunda Kot-d’İvuar və Ekvador yığmaları ilə də oyunlar gözləyir. Almanların növbəti görüşü iyunun 20-də Kot-d’İvuar yığması ilə olacaq. Hansı ki, bu komanda startda Ekvadoru 1:0 hesabı ilə məğlub edib.

Manuel Noyer – Almaniya millisinin ən yaşlısı!

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kurasao ilə oyunda start heyətdə meydana çıxıb.

Arena.az xəbər verir ki, bununla da o, Avropa və dünya çempionatlarında oynamış ən yaşlı almaniyalı futbolçuya çevrilib.

Hazırda Noyer 40 yaş 79 günlüyündədir. Bundan əvvəl, milli komandanın böyük turnirlərdə ən yaşlı oyunçusu 39 yaş 91 günlüyündə AÇ-2000-də Portuqaliya yığmasına qarşı oyunda iştirak etmiş Lotar Matteus idi.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 598 oyun, 499 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 7 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində ümumilikdə 125 oyun keçirib, 119 qol buraxıb, 50 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

“Maykl Olise 500 milyon avroya da satılmayacaq!”

Futbol üzrə Fransa yığmasının və Almaniya çempionu “Bayern”in cinah hücumçusu Maykl Olise Madrid “Real”ına satılmayacaq.

Arena.az xəbər verir ki, Münhen klubunun rəhbərlərindən adı açıqlanmayan biri, Olisenin adının İspaniya nəhəngi “Real”a mümkün keçidddə hallandırılmasını kəskin cavablayıb:

“O, hətta 200 milyon avro müqabilində də getməyəcək. Olise – çox qiymətlidir, biz onu 500 milyon avro məbləğə də satmayacağıq. Düzünü desəm, “Real”ın, onun bir ayağı müqabilində özünə, barı 150 milyon avro məbləği rəva görə biləcəyinə də əmin deyiləm”, deyə “Bayern”in adı açıqlanmayan rəhbəri vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində bütövlükdə 107 oyuna çıxıb, 42 qol və 54 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 17 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Kennet Ayxhorn “Bayer”də – 9 milyonluq transfer

Almaniyanın “Herta” klubunun 16 yaşlı alman dayaq yarımmüdafiəçisi Kennet Ayxhorn bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Leverkuzen klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid “əczaçılar”a 9 milyon avro məbləğ müqabilində başa gəlib. Tərəflərin müqavilə müddəti ilə bağlı məlumat hələ açıqlanmayıb.

Vurğulayaq ki, yeniyetmə Ayxhorn alman futbolunun ən səmərəli istedadlarından hesab edilir və bir “dayaqçı” olaraq, tərəqqi imkanları yüksək qiymətləndirilir.

Kennet Ayxhorn “Herta”nın yetirməsidir. O, 2025-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yeniyetmə futbolçu bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol da vurub.

Almaniyanın U-15 və U-16 yığmalarında oynamış futbolçu 2025-ci ildən U-17-yə dəvət alır.

“Transfermarkt” internet-portalı 16 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

❌