Reading view

Ben Deyvis daha bir mövsüm “Tottenhem”də qalacaq

İngiltərənin “Tottenhem” klubu Uels yığmasının da üzvü olan mərkəz müdafiəçisi Ben Deyvis ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2026/2027-ci illər mövsümünün sonunadək London klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti bu yay başa çatmışdı.

Ben Deyvis 2014-cü ildən “Tottenhem”də çıxış edir. Uelsdən olan mərkəz müdafiəçisi London təmsilçisində keçirdiyi 12 mövsüm ərzində 363 oyuna çıxıb, 10 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub.

Deyvis daha öncə yetirməsi olduğu “Suonsi Siti”də də oynayıb.

Uelsin U-17, U-19 və U-21 yığmalarında da oynamış müdafiəçi 2012-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, indiyə qədər kapitanı olduğu Uels millisində 100 oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Ben 2013-cü ildə “Suonsi Siti” ilə İngiltərə Liqa Kubokunun qalibi olub. 2024/2025-ci illər mövsümündə isə müdafiəçi “Tottenhem”lə Avropa Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

❌