Normal view

Before yesterdayMain stream

Harri Keyn İngiltərə millisində yeni rekorda imza atdı

16 July 2026 at 05:00

Futbol üzrə İngiltərə milli komandasının mərkəz hücumçusu Harri Keyn yığma tarixində ən çox oyun keçirmiş meydan oyunçusuna çevrilib.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard DÇ-2026-nın Argentina ilə yarımfinal matçına start heyətində çıxmaqla milli komandadakı oyunlarının sayını 121-ə çatdırıb.

Bununla da o, İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runiyə məxsus 120 oyunluq rekordu geridə qoyub.

Milli komandanın ümumi rekordçusu isə hələ də sabiq qapıçı Piter Şiltondur. O, İngiltərə yığmasının heyətində 125 görüş keçirib.

2023-cü ilin avqustundan Almaniyanın “Bayern” klubunda çıxış edən Hari Keyn daha əvvəl İngiltərənin “Tottenhem” komandasında forma geyinib. O, 86 qolla İngiltərə millisinin tarixində ən məhsuldar futbolçu hesab olunur. Hücumçu 2018-ci il dünya çempionatında vurduğu 6 qolla turnirin bombardiri adını qazanmışdı.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

Harri Uinks “Lester Siti”ni “Kalyari”yə dəyişdi

15 July 2026 at 16:00

Futbol üzrə İngiltərə milli komandasının sabiq dayaq yarımmüdafiəçisi Harri Uinks “Lester Siti”dən ayrılaraq İtaliyanın “Kalyari” klubuna keçib.

Arena.az bu barədə hər iki klubun rəsmi açıqlamasına əsasən xəbər verir.

30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə bağlayıb.

Harri Uinks 2023-cü ilin yayında “Tottenhem”dən “Lester Siti”yə keçmişdi. O, üç mövsüm ərzində bütün turnirlərdə 109 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçi 2023/24 mövsümündə 45 çempionat matçında iştirak edərək komandanın Çempionşipi qazanmasına və Premyer Liqaya yüksəlməsinə mühüm töhfə verib.

1996-cı ildə İngiltərənin Hemel-Hempsted şəhərində anadan olmuş Uinks müdafiənin önündə oyunquran və ya mərkəz yarımmüdafiəçisi kimi çıxış edə bilir. O, yüksək texniki hazırlığı, oyun qurmaq bacarığı, taktiki intellekti və həm müdafiədə, həm də hücumda faydalı oyunu ilə seçilir.

Uinks “Tottenhem” akademiyasının yetirməsidir. O, əsas komandada debütünü 2014-cü il noyabrın 27-də Avropa Liqasının “Partizan”a qarşı oyununda edib. London klubunun heyətində bütün turnirlərdə 203 matç keçirən futbolçu 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

2022-ci ilin yayında icarə əsasında İtaliyanın “Sampdoriya” klubuna keçən yarımmüdafiəçi burada A Seriyasında 20 oyuna çıxıb. Daha sonra vətəninə qayıdaraq “Lester Siti”yə transfer olunub.

Harri Uinks İngiltərənin aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. O, əsas millidə isə 10 oyunda meydana çıxaraq 1 qola imza atıb.

Tomas Mönye “Sanderlend”də

15 July 2026 at 15:00

İngiltərənin “Sanderlend” klubu heyətini təcrübəli sağ cinah müdafiəçisi, 34 yaşlı belçikalı futbolçu Tomas Mönye ilə gücləndirib.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Bu yay Belçika millisinin heyətində DÇ-2026-da çıxış etmiş Mönye Fransanın “Lill” klubu ilə müqaviləsinin başa çatmasının ardından azad agent kimi “Sanderlend”ə qoşulub.

Belçikanın Sent-Od şəhərində anadan olmuş futbolçu peşəkar karyerasına ölkəsinin aşağı liqalarında başlayıb. Daha sonra “Brügge”də çıxış etmiş Mönye burada Belçika çempionluğu və ölkə kubokunu qazanıb.

2016-cı ildə Fransanın PSJ klubuna transfer olunmuş müdafiəçi Paris təmsilçisinin heyətində keçirdiyi dörd mövsümdə üç dəfə Fransa çempionu olub və ölkə kubokunu üç dəfə qazanıb. O, 2020-ci ildə Almaniyanın Dortmund “Borussiya”sına keçib, daha sonra “Trabzonspor” və son olaraq “Lill”in formasını geyinib.

Mönye isə yeni komandasına qoşulduğu üçün həyəcanlı olduğunu bildirib:

“Sanderlend”ə keçdiyim üçün çox həyəcanlı və qürurluyam. Karyeramda yeni səhifə açdığıma görə xoşbəxtəm. Premyer Liqa dünyanın ən güclü və maraqlı çempionatlarından biridir və burada oynamaq həmişə arzuladığım çağırış idi.

Klubun layihəsi, ambisiyası və inkişaf istəyi məni çox təsirləndirdi. Avrokuboklarda iştirak etmək də qərarıma ciddi təsir göstərdi. Futbolçu kimi hər zaman ən güclülərlə mübarizə aparmaq və titullar uğrunda oynamaq istəyirsən.

Ümid edirəm ki, həm meydanda, həm də meydandan kənarda komandaya öz təcrübəmlə fayda verəcəyəm. Karyeram ərzində möhtəşəm kollektivlərin üzvü olmuşam, indi isə bütün gücümü “Sanderlend” üçün sərf etməyi, komanda yoldaşlarıma kömək etməyi və azarkeşlərlə möhkəm bağ qurmağı səbirsizliklə gözləyirəm. İlk oyunumda onların qarşısına çıxmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Tomas Mönye yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Meyson Qrinvud rəsmən “Fənərbağça”da!

15 July 2026 at 10:00

Marsel “Olimpik”inin ingiltərəli sağ cinah hücumçusu Meyson Qrinvud bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

İstanbul təmsilçisi bu transferi 39 milyon avroya razılaşdırıb. Bu məbləğ 3 il ərzində üç bərabər hissə ilə ödənilməlidir.

24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Qrinvudun “Fənərbağça”dakı maaşının vergilər çıxıldıqdan sonra 10 milyon avro olacağı bildirilir.

Xatırladaq ki, Marsel “Olimpik”i Meyson Qrinvudu 2024-cü ilin iyul ayında “Mançester Yunayted”dən tamhüquqlu əsasda satın almışdı. Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlmişdi. İngiltərəli futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Qrinvud Fransa nəhənginin heyətində keçirdiyi 81 oyunda 48 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

İngilis futbolçu “Olimpik”dən öncə yetirməsi olduğu “Mançester Yunayted”in və İspaniyanın “Xetafe” komandasının formasını geyinib.

Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır. Çünki Meyson zorlama işə bağlı ittihamla üzləşmiş, sonradan təqsirini etiraf edərək, zorladığı xanımla ailə qurmuş və həmçinin bu ittihamla bağlı futbolçu karyerasına fasilə verməli olmuşdu. Bu xoşagəlməz məqam Qrinvudun “Mançester Yunayted”dən və milli komandadan uzaq düşməsinə səbəb olmuşdu.

Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

DÇ-2026: Argentina finalda

16 July 2026 at 01:05

Bu gün dünya çempionatında ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımfinalın digər görüşündə son çempion Argentina İngiltərəyə qalib gəlib.

Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.

DÇ-2026
Yarımfinal

15 iyul

23:00 Argentina – İngiltərə 2:1

Qollar: Enzo, 86, Martines, 90+2 – Qordon, 55

Yuri Tilemans “Mançester Yunayted”də!

14 July 2026 at 23:00

İngiltərənin “Aston Villa” klubunun belçikalı mərkəz yarımmüdafiəçisi Yuri Tilemans bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Belçika millisinin kapitanı yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Qırmızı şeytanlar” 29 yaşlı yarımmüdafiəçinin transferi üçün 41 milyon avro ödəyiblər.

Xatırladaq ki, Yuri Tilemans 2023-cü ilin yayından “Aston Villa”nın formasını geyinirdi. O, klubun heyətində bütün turnirlərdə 185 oyun keçirib, 35 qol vurub və 31 məhsuldar ötürmə edib. Belçikalı futbolçu ötən mövsüm komanda ilə birlikdə Avropa Liqasının qalibi olub.

Peşəkar karyerası ərzində Tilemans “Anderlext”, “Monako” və “Lester Siti” klublarında da çıxış edib. O, “Lester Siti” ilə 2020/21 mövsümündə İngiltərə Kubokunu, eləcə də 2021-ci ildə İngiltərə Super Kubokunu qazanıb. “Anderlext”də oynadığı dövrdə isə iki dəfə Belçika çempionu və Belçika Super Kubokunun qalibi olub.

Belçika millisinin heyətində 90 oyun keçirmiş Yuri Tilemans 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, 2018-ci il dünya çempionatının bürünc mükafatçısıdır. 2025-ci ildən isə Belçika yığmasının kapitanıdır.

Luka Vuşkoviç “Tottenhem”i “Brayton”a dəyişdi

14 July 2026 at 18:30

Xorvatiya millisinin və “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviç bundan sonra İngiltərənin digər klubu “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb. “Brayton” Vuşkoviçin transferi üçün “Tottenhem”ə 54 milyon avro ödəyib. Həmçinin əlavə bonus ödənişləri hesabına transfer paketinin ümumi məbləğinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi vurğulanır.

Luka Vuşkoviç Xorvatiyanın “Hayduk” klubunun yetirməsidir. Gənc mərkəz müdafiəçisi karyerası ərzində “Radomyak”, “Vesterlo” kimi klublarda da çıxış edib. “Tottenhem” onu 2025-ci ildə “Hayduk”dan 11 milyon avroya transfer etmişdi. Amma xorvat futbolçuya London klubunun əsas komandasında debüt qismət olmayıb. Buna onun ötən mövsümü Almaniyanın “Hamburq” komandasında icarədə keçirməsidir. Vuşkoviç Bundesliqa təmsilçisinin heyətində 36 oyuna çıxıb, 6 qol vurub, 1 assist müəllifi olub.

Vuşkoviç 2025-ci ildə debüt etdiyi Xorvatiya millisinin heyətində 6 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Brayton” 34 yaşlı niderlandlı sağ cinah müdafiəçisi Yoel Veltmanla da vidalaşıb. Veltmanın gedişi azad agent qismində gerçəkləşib. Veteran futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır. Son məlumata görə, Veltmanla “Ayaks” və PSV klubları maraqlanır.

Karl Darlou “Mançester Yunayted”də!

14 July 2026 at 18:00

Futbol üzrə Uels milli komandasınn qapıçısı Karl Darlou bundan sonra İngiltərənin “Mançester Yunayted” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qolkiper “Lids Yunayted”dən ayrıldıqdan sonra azad agent statusunda “qırmızı şeytanlar”a qoşulub. Onunla 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Sazişdə daha bir il uzadılma imkanı da yer alıb.

Karl Darlou bildirib ki, “Mançester Yunayted” kimi kluba qoşulmaq onun üçün böyük qürur mənbəyidir:

“Mançester Yunayted”ə keçdiyim üçün son dərəcə qürurluyam. Çox güclü qapıçılar qrupuna qoşuluram və hamımızın bir-birimizi daha da inkişaf etdirməsinə töhfə verməsini səbirsizliklə gözləyirəm. Klubun tələb etdiyi yüksək standartları qorumaq üçün birlikdə çalışacağıq. Hazırda klub üçün çox maraqlı dövrdür və komanda yoldaşlarıma dəstək olaraq öz töhfəmi vermək istəyirəm”.

Klubun idman direktoru Ceyson Uilkoks isə yeni transfer barədə bunları deyib:

“Karl ən yüksək səviyyədə oynaya biləcəyini sübut edib. Onun peşəkarlığı, işgüzarlığı və xarakteri komandamız üçün böyük üstünlükdür. Belə təcrübəli və keyfiyyətli qapıçının heyətimizə qoşulmasından məmnunuq”.

Karl Darlou ötən mövsüm “Lids Yunayted”in əsas qapıçısı olub. O, İngiltərə Premyer Liqasında keçirdiyi 22 oyunda 27 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qolkiper karyerası ərzində “Nyukasl Yunayted” və “Nottingem Forest” klublarının da formasını geyinib. Ümumilikdə isə o, peşəkar karyerasında 279 oyun, o cümlədən 74 Premyer Liqa matçı keçirib.

Darlou 2024-cü ildə debüt etdiyi Uels yığmasının heyətində 15 oyun keçirib, 18 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

“Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm”

14 July 2026 at 16:25

İngiltərə millisinin futbolçusu Niko Orayli DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Futbolpress.az “BBC Sport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi “tanqoçular”ın kapitanı Lionel Messidən danışıb:

“Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm. O, artıq karyerasının sonuna yaxınlaşır. Messi mənim üçün meydanda qarşılaşacağım ən yaxşı futbolçudur. Çətin olacaq, amma onunla üz-üzə gəlməyə hazıram”.

Sabah keçiriləcək Argentina – İngiltərə matçına saat 23:00-da start veriləcək.

Ceremi Monqa “Mançester Siti”də

13 July 2026 at 23:30

İngiltərənin “Lester Siti” klubunun sol cinah hücumçusu Ceremi Monqa bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb.

İngiltərəli 17 yaşlı vinger “Lester Siti”dən tamhüquqlu əsasda “şəhərlilər”in dürşərgəsinə keçib. Transfer “Mançester Siti”yə 11,7 milyon avroya başa gəlib. Monqa 2031-ci ilin iyun ayının sonuna qədər müddət ərzində “şəhərlilər”in xidmətində olacaq. İlk mərhələdə o, klubun gənclərdən ibarət komandalarında çıxış edəcək.

Qeyd edək ki, Ceremi Monqa “Lester Siti”nin yetirməsidir. O, sözügedən klubun əsas komandasının heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Monqa İngiltərənin U-15, U-16, U-18 və U-19 yığmalarında da forma geyinib.

“Transfermarkt” internet-portalı 17 yaşlı vingerin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Andrey Santos “qırmızı şeytan” oldu – 56 milyonluq transfer

13 July 2026 at 18:00

İngiltərənin “Çelsi” klubunun braziliyalı yarımmüdafiəçi Andrey Santos bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

22 yaşlı futbolçu ilə 2031-ci ilin iyun ayınadək nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılıb. MY bu transfer üçün “Çelsi”yə 56,3 milyon avro ödəyib.

Xatırladaq ki, Andrey Santos “Çelsi”yə 2023-cü ilin yanvarında, qış transfer pəncərəsi zamanı “Vasko da Qama”dan 12,5 milyon avro qarşılığında keçmişdi. Santosun “zadəganlar”la 2030-cu il iyunun sonuna qədər müqaviləsi var idi. O, London təmsilçisinin heyətində bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Çelsi” bu müddətdə Santosu “Vasko da Qama”ya, “Nottingem Forest”ə, “Strasburq”a icarəyə də vermişdi.

Santos 2023-cü ilin martında debüt etdiyi Braziliya millisinin heyətində 6 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Andrey Santosu 40 milyon avro məbləğində qiymətləndirir.

Cessi Derri ilə yeni müqavilə imzalandı, icarəyə göndərildi

12 July 2026 at 23:00

İngiltərənin “Çelsi” klubunun rəhbərliyi “zadagənlar”ın 19 yaşlı ingilis sol cinah hücumçusu Cessi Derri ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yenilənmiş müqavilənin müddəti 2032-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, Derri 2025-ci iyul ayından “Çelsi”nin klub sistemindədir. O, “zadəganlar”ın əsas komandasının heyətində 3 oyun keçirib.

Cessi Derri “Çelsi” ilə yeni müqavilə bağlasa da, yeni mövsümdə karyerasını Portuqaliyada davam etdirəcək. 19 yaşlı futbolçu 2026/2027-ci illər mövsümünün sonuna qədər “Sportinq”ə icarəyə göndərilib. Müqavilədə satınalma maddəsi nəzərdə tutulmayıb və futbolçu mövsümün sonunda London klubuna qayıdacaq.

Derri hazırda həm də İngiltərənin U-19 yığmasının üzvüdür. O, daha öncə U-17 və U-18-də də çıxış edib.

Pikford İngiltərə millisində DÇ üzrə rekorda imza atdı

12 July 2026 at 14:00

İngiltərə millisinin qapıçısı Cordan Pikford futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın yeni rekordçusu olub.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper bu göstəriciyə DÇ-2026-nın 1/4 final mərhələsində Norveçə qarşı keçirdikləri oyunda start heyətində meydana çıxmaqla nail olub.

Bununla da Pikford dünya çempionatlarında keçirdiyi matçların sayını 18-ə çatdıraraq İngiltərə millisinin tarixinə düşüb.

Əvvəlki rekord 17 oyunla sabiq qapıçı Piter Şilton və hazırkı hücumçu Harri Keynə məxsus idi. Keyn də Norveçlə qarşılaşmada meydana çıxıb.

Pikford üçün bu, karyerasında üçüncü dünya çempionatıdır. O, daha əvvəl 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da İngiltərə millisinin əsas qapıçısı olub. Komanda həmin turnirlərin hər ikisində 1/4 finala qədər irəliləmişdi.

2017-ci ilin yayından “Everton”un formasını geyinən qolkiper İngiltərə millisinin heyətində iki dəfə Avropa çempionatının gümüş medalını da qazanıb (2020, 2024).

Qeyd edək ki, Piter Şilton 1982, 1986 və 1990-cı illər dünya çempionatlarında iştirak edib. O, 125 oyunla İngiltərə millisinin tarixində ən çox oyun keçirən futbolçudur.

Harri Keyn üçün isə DÇ-2026 karyerasında üçüncü mundialdır. O, həmçinin İngiltərə millisinin tarixində 85 qolla ən məhsuldar futbolçu rekordunun sahibidir.

Kallum Uilson “Brentford”da!

11 July 2026 at 16:00

Futbol üzrə İngiltərə milli komandasının keçmiş mərkəz hücumçusu Kallum Uilson bundan sonra “Brentofrd”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu yay İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanmış “Vest Hem”dən azad agent kimi ayrılmış təcrübəli hücumçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Uilson 2027-ci ilin iyun ayının sonuna qədər müddət ərzində “Brentford”un xidmətində olacaq.

Kallum Uilson 2025-ci ilin yayında “Vest Hem”ə qoşulmuş və 1 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində 35 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Uilson daha öncə “Nyukasl”, “Bornmut”, “Koventri Siti”, “Ketterinq Tuan” və “Tamuort” klublarının da formasını geyinib.

34 yaşlı forvard vaxtilə İngiltərə milli komandasında da 9 oyuna çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xabi Alonso: “Çelsi”ni zirvəyə qaytarmaq üçün buradayam”

11 July 2026 at 11:00

“Çelsi”nin yeni baş məşqçisi, 44 yaşlı ispaniyalı futbol mütəxəssisi Xabi Alonso London komandasının sükanı arxasında işə başlayıb.

Arena.az xəbər verir ki, o, düşərgəyə qoşulduqdan sonra klub televiziyasına ilk müsahibəsini verib.

İspan mütəxəssis London klubunda işə başlamasından, qarşısına qoyduğu məqsədlərdən və azarkeşlərə mesajından danışıb. 44 yaşlı məşqçi “Çelsi”yə qoşulmaqdan qürur duyduğunu bildirib və klubun layihəsinə tam inandığını vurğulayıb:

“Bu, çox gözəl hissdir. Dünyanın ən böyük klublarından birinin baş məşqçisi olmaq böyük şərəfdir. Burada olmaq üçün səbirsizlənirdim və işə başlamaqdan böyük həyəcan duyuram. Klub rəhbərliyi ilə eyni baxışları bölüşürük və birlikdə böyük uğurlar qazana biləcəyimizə inanıram”.

Xabio Alonso əsas məqsədinin güclü kollektiv formalaşdırmaq olduğunu deyib:

“Ən vacibi komanda ruhu yaratmaqdır. Futbolçular, məşqçilər heyəti və azarkeşlər eyni istiqamətdə hərəkət etməlidirlər. Yaxşı oyun, düzgün iş və birlik olarsa, nəticələr də gələcək”.

İspan mütəxəssis “Stemford Bridc”də azarkeşlərlə xüsusi bağ qurmaq istədiyini də gizlətməyib:

“İlk dəfə “Stemford Bridc”də komandaya rəhbərlik edəcəyim günü səbirsizliklə gözləyirəm. Azarkeşlərlə möhkəm əlaqə qurmalıyıq. Onların dəstəyi bizim üçün çox vacib olacaq. Şəxsiyyət deyil, komanda qalib gəlir. Əgər biz əlbir olsaq, böyük müvəffəqiyyət qazanacağıq. Komandanın imkanı məni ruhlandırır. Burada, işləməyə, oyun məfkurəsini ortaya qoymağa heyət var”.

Qeyd edək ki, Xabi Alonso artıq Kobhemdə mövsümöncəsi hazırlığa başlayıb və futbolçularla ilk məşqlərini keçirib. O, “Çelsi”nin yenidən yüksək hədəflər uğrunda mübarizə aparan komandaya çevrilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Kabalyero “Mançester Siti”yə qayıtdı, Nyupan ayrıldı

11 July 2026 at 10:00

“Mançester Siti”nin sabiq üzvü, 2023-cü ildə əlcəklərini asılqandan asmış keçmiş qapıçı Villi Kabalyero “şəhərlilər”in düşərgəsinə qayıdıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Kabalyero “Mançester Siti”nin baş məşqçisi, 46 yaşlı italyan mütəxəssis Entso Mareskanın rəhbərlik etdiyi məşqçi qərargahında çalışacaq.

Xatırladaq ki, 44 yaşlı argentinalı 2014–2017-ci illərdə “Mançester Siti”də çıxış edib. Amma o, bu komandada daha çox ehtiyat qapıçı funksiyasını daşıyıb.

Yeri gəlmişkən, “Mançester Siti”nin yarımmüdafiəçisi Sverre Nyupan icarə əsasında Belçikanın “Lommel” klubuna keçib. Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İcarə bir mövsüm üçün hesablanıb və satınalma hüququ nəzərdə tutulmayıb.

“Mançester Siti” Sverre Nyupanı 2025-ci ilin yayında transfer edib. 19 yaşlı norveçli futbolçu indiyədək əsas komandanın heyətində rəsmi oyuna çıxmayıb.

“Mançester Siti” Pirs Çarlzı transfer etdi, icarəyə göndərdi

10 July 2026 at 20:30

İngiltərənin “Mançester Siti” klubu “Şeffild Uenzdey”in qapıçısı Pirs Çarlzı transfer edərək onunla rəsmi müqavilə imzalandığını bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Şimali İrlandiya millisinin 20 yaşlı üzvü “şəhərlilər”lə 5 illik müqavilə imzalayıb. Lakin o, 2026/2027-ci illər mövsümünü bu komandada yox, icarə əsasında Çempionşip təmsilçisi KPR-də keçirəcək.

Qeyd edək ki, Pirs Çarlz daha əvvəl də “Mançester Siti”nin akademiyasında çıxış edib. O, 2020-ci ildə “Şeffild Uenzdey”ə transfer olunmuşdu.

Gənc qolkiper “Şeffild Uenzdey”in heyətində ümumilikdə 36 oyunda meydana çıxıb, 60 qol buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.

Çarlz 2024-cü ildə debüt etdiyi Şimali İrlandiya yığmasının heyətində 12 oyuna çıxıb, 15 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

Rays və Kuansa Norveçlə oyunu buraxacaqlar

10 July 2026 at 08:00

İngiltərə millisinin futbolçuları Deklan Rays və Carell Kuansa DÇ-2026-nın 1/4 final mərhələsində Norveçlə matçda iştirak edə bilməyəcəklər.

Arena.az xəbər verir ki, onlardan biri cəzalandırılıbsa, digəri xəstəlik səbəbindən düşərgədən kənarda qalıb.

Deklan Rays komandanın son məşqlərini buraxıb. Buna 27 yaşlı yarımmüdafiəçinin xəstələnməsi səbəb olub. Digər oyunçuları da infeksiyadan qorumaq məqsədi ilə oyunçu yığmadan kənarda qalıb. O, daha əvvəl nevroloji problemlər ucbatından hazırlığa qatılmamışdı.

Müdafiəçi Carell Kuansa isə DÇ-2026-nın 1/8 finalında Meksika ilə matçda (2:3) qırmızı vərəqə alması ilə əlaqədar 2 oyunluq diskvalifikasiya cəzası alıb. Kuansa Norveçlə 1/4 final matçını, eləcə də İngiltərə yığması qalib gələcəyi təqdirdə dünya birinciliyinin yarımfinal oyununu buraxacaq.

Xatırladaq ki, İngiltərə yığmasının müdafiəçisi baş hakim Əlirza Fəqaninin qərarı ilə birbaşa qırmızı vərəqə alıb. Kuansa sürüşərək müdaxilə zamanı rəqibin müdafiəçisi Xesus Qalyardonun ayağına zərbə endirib. İngiltərə Futbol Assosiasiyası öz müdafiəçisinin diskvalifikasiya qərarını şikayət etmək istəyir.

Xatırladaq ki, İngiltərə millisi dünya çempionatının 1/4 finalında Norveçlə üz-üzə gələcək. Qarşılaşma iyulun 12-də baş tutacaq.

“Kristal Pelas” Minqesanı transfer etdi, Kamada ilə müqavilə yenilədi

10 July 2026 at 09:00

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” klubu heyətini ispaniyalı müdafiəçi Oskar Minqesa ilə gücləndirib.

Arena.az xəbər verir ki, sözügedən klub eyni zamanda yarımmüdafiəçi Daiçi Kamada ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı Oskar Minqesa ilə 4 illik müqavilə imzalanıb. İspaniyalı futbolçu “Selta” ilə müqaviləsinin başa çatmasından sonra sərbəst agent kimi İngiltərə klubuna qoşulub.

“Barselona” akademiyasının yetirməsi olan Minqesa Kataloniya klubunun əsas komandasında iki mövsüm çıxış edib. O, ötən mövsüm “Selta”nın heyətində bütün turnirlərdə 47 oyuna çıxaraq 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan başqa, “Kristal Pelas” Yaponiya millisinin yarımmüdafiəçisi Daiçi Kamada ilə əməkdaşlığı davam etdirməyə qərar verib. 29 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Əvvəlki sözləşməsi iyunun sonunda başa çatmış Kamada ötən mövsüm bütün turnirlərdə 46 matçda meydana çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb. Transfermarkt portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Harri Uilson “Fulhem”ı “Lids”ə dəyişdi

9 July 2026 at 20:00

Futbol üzrə Uels milli komandasının və “Fulhem”in 29 yaşlı sağ cinah hücumçusu Harri Uilson azad agent qismində “Lids”in düşərgəsinə keçib.

Arena.az xəbər verir ki, bu barədə “Lids Yunayted” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar. Belə ki, Uilson 2030-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “tovuzquşular”ın xidmətində olacaq.

Xatırladaq ki, Harri Uilson “Liverpul”un yetirməsidir. O, karyerası ərzində “Kryu Aleksandra”, “Hall Siti”, “Derbi Kaunti”, “Bornmut”, “Kardiff Siti” kimi klubların da şərəfini qoruyub. “Fulhem”ə 2021-ci ilin yayında “Liverpul”dan 14 milyon avro qarşılığında keçmiş futbolçu bu komandanın heyətində 187 oyuna çıxıb, 36 qol vurub, 46 məhsuldar ötürmə verib.

2013-cü ildən Uels millisində çıxış edən futbolçu yığmanın heyətində 69 oyuna çıxıb, 17 qola imza atıb, 12 assist müəllifi olub.

“Arsenal” İllan Melyeni heyətinə qatdı

9 July 2026 at 17:30

Futbol üzrə İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan “Arsenal” heyətini yeni qapıçı – İllan Melye ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərə klubu fransalı qolkiperi azad agent kimi heyətinə qatıb. 26 yaşlı qapıçı ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. O, yeni komandasına mövsümöncəsi hazırlıq toplanışı zamanı qoşulacaq.

Qeyd edək ki, İllan Melye son 7 mövsümü İngiltərənin digər klubu “Lids Yunayted”də keçirib. O, bu müddətdə bütün turnirlərdə 215 oyunda meydana çıxıb, 286 qol buraxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb.

Fransanın “Loryan” klubunun yetirməsi olan qolkiper “Arsenal”da 30 nömrəli formanı geyinəcək.

Melye Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

Deyli Blind “Ayaks”a döndü, Şon Styor satıldı

9 July 2026 at 17:00

Futbol üzrə Niderland milli komandasının keçmiş mərkəz müdafiəçisi Deyli Blind uzun illər sonra yetirməsi olduğu “Ayaks” klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.

36 yaşlı niderlandlı futbolçu ilə 1 illlik müqavilə imzalanıb. O, köhnə-yeni klubuna azad agent kimi qoşulub.

Deyli Blind 2023-cü ildən “Jirona”da çıxış edirdi. O, 2025/2026-cı illər mövsümündə bu komandanın heyətində 31 matç keçirib. Blindin “Jirona” karyerası bütövlükdə 108 oyun, 3 qol və 5 assistdən ibarətdir.

Qeyd edək ki, Blind “Ayaks”ın yetirməsidir. O, 2008-2014 və 2018-2022-ci illərdə Amsterdam komandasının uğurları üçün çalışıb. Blind “Ayaks”ın heyətində 333 matça çıxıb, 13 qol v 21 assistlə yadda qalıb.

Blind karyerası ərzində “Qroningen”, “Mançester Yunayted” və “Bayern”də də çıxış edib.

Deyli Blind 2013-cü ilin fevralında debüt etdiyi Niderland yığmasının heyətində 108 oyuna 3 qol vurub, 15 məhsuldar ötürmə verib.

Deyli Blindin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (7 dəfə), Niderland Kuboku və Niderland Super Kuboku (hər biri – 2 dəfə), “Mançester Yunaytd”lə İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku və Avropa Liqası, həmçinin “Bayern”lə Almaniya çempionluğu var.

Fərdi uğurlara gəlincə, Blind 2014-cü ildə Niderlandda ilin futbolçusu seçilib.

“Transfermarkt” internet-portalı 36 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir

Yeri gəlmişkən, “Ayaks” gənc mərkəz yarımmüdafiəçi Şon Styoru İngiltərənin “Nyukasl” klubuna satıb. Amsterdam təmsilçisi bu ticarətdən 23,5 milyon avro qazanıb. 18 yaşlı niderlandlı futbolçu Premyer Liqa təmsilçisi ilə 5 illik müqavilə imza atıb.

Xatırladaq ki, Şon Styor “Ayaks”ın yetirməsidir. O, əsas komandada 26 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Jeovani Kenda “Çelsi”də – 50 milyonluq transfer!

9 July 2026 at 15:30

Lissabon “Sportinq”inin 19 yaşlı portuqaliyalı sağ cinah hücumçusu Jeovani Kenda bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid London təmsilçisinə 50 milyon avro məbləğ müqabilində başa gəlib. Kenda 2034-cü ilin iyun ayının sonuna qədər müddət ərzində “zadəganlar”ın xidmətində olacaq.

Xatırladaq ki, tərəflər əslində bu futbolçunun keçidi ilə bağlı razılığı hələ 2025-ci ilin martında əldə etmişdilər. Amma Kendanın 2025/2026 mövsümünü “Sportinq”də keçirməsi qərara alınmışdı. Mövsüm başa çatdıqdan sonra isə transfer rəsmən qüvvəyə minib.

Jeovani Kenda 2017-2019-cu illər aralığında “Benfika”nın sistemində futbolun sirlərinə yiyələnib, 2019-cu ildən isə “Sportinq”də idi. O, bu klubun əsas komandasının heyətində 86 oyuna çıxıb, 9 qol vurub, 17 məhsuldar ötürmə verib.

Portuqaliyanın U-17 və U-21 yığmalarında oynamış gənc hücumçuya hələ əsas millidə debüt qismət olmayıb.

Emersonn 28 milyon avroya “İpsviç Taun”da!

8 July 2026 at 22:30

Fransanın “Tuluza” klubunun braziliyalı hücumçusu Emersonn bundan sonra İngiltərə Premyer Liqasına qayıtmış “İpsviç Taun”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalanıb.

“İpsviç Taun” bu transfer üçün “Tuluza”ya 28 milyon avro ödəyib. Müqavilədə futbolçunun və komandanın göstəricilərindən asılı olaraq, əlavə 3 milyon avro bonus da nəzərdə tutulub.

Tama adı Emersonn Korreya da Silva olan futbolçu ötən mövsüm Liqa 1-də 27 oyunda meydana çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə verib. O, Fransa Kubokunda isə 4 qarşılaşmada 1 dəfə fərqlənib.

Braziliyalı forvard “Tuluza”nın heyətində bütün turnirlərdə ümumilikdə 31 matç keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Emersonn futbola Braziliyanın “Atletiko Paranaense” akademiyasında başlayıb. Daha sonra Türkiyənin “Göztəpə” klubunda çıxış etmiş hücumçu 2025-ci ilin sentyabrında 8,8 milyon avroya “Tuluza”ya transfer olunmuşdu. Cəmi bir il sonra isə Fransa klubu onu təxminən üç dəfə baha qiymətə – 28 milyon avroya “İpsviç Taun”a satıb.

Cordan Henderson əməliyyat olundu, DÇ-ni erkən başa vurdu

8 July 2026 at 21:30

İngiltərə millisinin və “Brentford”un yarımmüdafiəçisi Cordan Henderson DÇ-2026-nın 1/8 finalından sonra aldığı zədə səbəbindən əməliyyat olunub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Hadisə İngiltərənin Meksika üzərində 3:2 hesablı qələbəsindən sonra yaşanıb. Henderson komandasının 1/4 finala yüksəlməsini qeyd edərkən reklam lövhələrinin üzərindən tullanmağa çalışıb, lakin uğursuz eniş edərək biləyini sındırıb.

Futbolçu meydanı xərəkdə və oksigen maskası ilə tərk edib, daha sonra isə təcili xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra onun bilək nahiyəsindən əməliyyat olunmasına qərar verilib.

Henderson bu zədə səbəbindən dünya çempionatının qalan hissəsini buraxacaq.

36 yaşlı yarımmüdafiəçi turnirdə əsasən ehtiyat oyunçular skamyasında yer alıb. O, yalnız qrup mərhələsinin Panama ilə son oyununda (2:0) sonradan meydana daxil olub. Bununla belə, Henderson İngiltərə millisinin tarixində dörd dünya çempionatında çıxış edən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Cordan Henderson 2025-ci ilin yayından “Brentford”un formasını geyinir. O, karyerasının böyük hissəsini “Liverpul”da keçirərək İngiltərə çempionluğu, UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Super Kuboku, İngiltərə Kuboku, İngiltərə Super Kuboku və iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

İngiltərə millisinin heyətində isə 90 oyuna çıxmış Cordan Henderson 3 qol vurub və 11 məhsuldar ötürmə müəllifi olub.

Alvaro Arbeloa – “Fulhem”in yeni baş məşqçisi!

8 July 2026 at 06:00

Madrid “Real”ının sabiq baş məşqçisi, ispaniyalı mütəxəssis Alvaro Arbeloa bundan sonra İngiltərənin “Fulhem” komandasına rəhbərlik edəcək.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

43 yaşlı çalışdırıcı ilə 2028/2029-cu illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Arbeloa 2026-cı ilin yanvarından Madrid “Real”ına rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 28 rəsmi oyunda 18 qələbə qazanıb, 8 dəfə məğlub olub, 2 görüş isə heç-heçə başa çatıb. İspan mütəxəssis iyunun 9-da Madrid klubundan ayrılmışdı. O, bu vəzifədə mövsümün əvvəlində komandaya rəhbərlik etmiş Xabi Alonsonu əvəzləmişdi.

Alvaro Arbeloa məşqçilik fəaliyyətinə də “Real”ın sistemində başlayıb. O, 2020-ci ildən etibarən Madrid klubunun müxtəlif yaş qruplarını çalışdırıb, 2025-ci ildə isə gənclər komandasının baş məşqçisi olub.

Futbolçu karyerası ərzində Arbeloa 2001-ci ildən “Real”ın akademiyasında yetişib. Daha sonra “Deportivo”, “Liverpul” və “Vest Hem” klublarında çıxış edib. 2009-cu ildə yenidən “Real”a qayıdan sabiq müdafiəçi Madrid təmsilçisinin heyətində iki dəfə UEFA Çempionlar Liqası, bir dəfə İspaniya çempionluğu, iki dəfə İspaniya Kuboku, həmçinin UEFA Super Kuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

İspaniya millisinin heyətində 58 oyun keçirmiş Arbeloa 2010-cu il dünya çempionatının, həmçinin 2008 və 2012-ci illər Avropa çempionatlarının qalibi adını qazanıb.

Qeyd edək ki, “Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub.

“Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib

8 February 2026 at 13:32

“Brentford” İngiltərə Premyer Liqasının 25-ci turunda “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Nyukasl” üzərində tarixi 3:2 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu uğur komandanın 21-ci əsrdə “Nyukasl”ın meydanında ilk qələbəsi olub. “Brentford” sonuncu dəfə təxminən bir əsr əvvəl, 1934-cü ildə “Nyukasl”ı səfərdə 5:2 hesabıyla məğlub edib. Klublar az hallarda qarşılaşıblar və bu, 1934-cü ildən bəri “Nyukasl”ın meydanında keçirdikləri 10-cu liqa matçı olub.

Qələbənin nəticəsi olaraq, “Brentford” Premyer Liqanın turnir cədvəlində 7-ci yerə yüksəlib. “Nyukasl” isə hələ də 13-cü yerdədir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib appeared first on Komanda.az.

“Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır”

8 February 2026 at 10:20

“Mançester Siti”nin yeni transferi Antuan Semenyo fərdi hədəfləri ilə bağlı danışıb. 26 yaşlı futbolçu yanvarda “Bornmut”dan 72 milyon avro qarşılığında Pep Qvardiolanın komandasına transfer olunub.

Komanda.az “City Report”-a istinadən xəbər verir ki, qanalı forvard, yeni klubundakı məsuliyyətin fərqində olduğunu gizlətməyib:

“Özümə qarşı müəyyən tələblərim var. Bilirdim ki, “Mançester Siti”də üzərimdə təzyiq olacaq və məndən Erlinq Haland səviyyəsində məhsuldarlıq gözləniləcək. Amma bu məqsədləri mövsümün əvvəlində özüm üçün müəyyən etmişdim. Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır. Onunla eyni komandada çıxış etmək böyük şansdır. Qollar mənim genetikamın bir hissəsidir və sadəcə, eyni tempdə davam etmək istəyirəm”.

Semenyo “Mançester Siti”nin heyətində keçirdiyi 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Vəzifəm Haland kimi futbolçularla rəqabət aparmaqdır” appeared first on Komanda.az.

❌
❌