Normal view

Before yesterdayMain stream

Harri Uinks “Lester Siti”ni “Kalyari”yə dəyişdi

15 July 2026 at 16:00

Futbol üzrə İngiltərə milli komandasının sabiq dayaq yarımmüdafiəçisi Harri Uinks “Lester Siti”dən ayrılaraq İtaliyanın “Kalyari” klubuna keçib.

Arena.az bu barədə hər iki klubun rəsmi açıqlamasına əsasən xəbər verir.

30 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə bağlayıb.

Harri Uinks 2023-cü ilin yayında “Tottenhem”dən “Lester Siti”yə keçmişdi. O, üç mövsüm ərzində bütün turnirlərdə 109 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçi 2023/24 mövsümündə 45 çempionat matçında iştirak edərək komandanın Çempionşipi qazanmasına və Premyer Liqaya yüksəlməsinə mühüm töhfə verib.

1996-cı ildə İngiltərənin Hemel-Hempsted şəhərində anadan olmuş Uinks müdafiənin önündə oyunquran və ya mərkəz yarımmüdafiəçisi kimi çıxış edə bilir. O, yüksək texniki hazırlığı, oyun qurmaq bacarığı, taktiki intellekti və həm müdafiədə, həm də hücumda faydalı oyunu ilə seçilir.

Uinks “Tottenhem” akademiyasının yetirməsidir. O, əsas komandada debütünü 2014-cü il noyabrın 27-də Avropa Liqasının “Partizan”a qarşı oyununda edib. London klubunun heyətində bütün turnirlərdə 203 matç keçirən futbolçu 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

2022-ci ilin yayında icarə əsasında İtaliyanın “Sampdoriya” klubuna keçən yarımmüdafiəçi burada A Seriyasında 20 oyuna çıxıb. Daha sonra vətəninə qayıdaraq “Lester Siti”yə transfer olunub.

Harri Uinks İngiltərənin aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib. O, əsas millidə isə 10 oyunda meydana çıxaraq 1 qola imza atıb.

Canluka Qaetano 12 milyon avroya “Atalanta”ya keçdi

10 July 2026 at 10:00

İtaliyanın “Kalyari” klubunun yarımmüdafiəçisi Canluka Qaetano bundan sonra A Seriyasının digər təmsilçisi “Atalanta”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Berqamo təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatdığını bəyan edib.

“Atalanta” bu transfer üçün 12 milyon avrosundan keçib. Müqaviləyə əlavə olaraq 2 milyon avroya qədər bonus ödənişləri də daxildir.

Berqamo klubu yeni transferi ilə bağlı müqavilənin müddətini və digər detallarını açıqlamayıb.

Canluka Qaetano “Napoli”nin yetirməsidir. O, bu klubda olarkən “Kremoneze” və “Kalyari”də icarədə olub. “Kalyari” 2025-ci ildə Neapol klubuna 6,2 milyon avro ödəməklə italiyalı futbolçunun transfer hüquqlarını da satın almışdı. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 76 oyunda 9 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İtaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış Qaetanoya əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6,5 milyon avro məbləğində qiymətləndirir.

❌
❌