Normal view

Before yesterdayFutbolPress.Az

Qurbanov “Vestri” ilə oyundan nələr dedi?

15 July 2026 at 22:48

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasında “Vestri”yə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

– Komanda tam hazırdır. Rəqibi yaxından tanıyırıq. Uzun səfərə gəldik. Dünən demək olar ki, bütün günü yolda olduq. Bir az yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabahkı matça hazır olacaqlar. Hava şəraiti də yaxşıdır. Əsl futbol havasıdır. Heyətdə dəyişikliklər ola bilər. Sabaha kimi vaxtımız var”.

Yorrodan sonra Porro

15 July 2026 at 21:34

İspaniya millisinin futbolçusu Pedro Porro DÇ-2026-da yarımfinal mərhələsində Fransa ilə matçda (2:0) fərqlənib.

Futbolpress.az xəbər verir ki, bu, müdafiəçinin mundialdakı ikinci qolu olub. O, daha öncə pley-offda Avstriya ilə matçda da fərqlənmişdi.

Porro İspaniya millisi ilə bir dünya çempionatında iki qol vuran ikinci futbolçudur. Daha əvvəl DÇ-2002-də Fernando Yorro bunu bacarıb.

“Arsenal” yunan futbolçu gətirir

15 July 2026 at 20:49

“Brügge”nin futbolçusu Kristos Tzolis karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” vingerin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu “Beşiktaş”a keçən Leandro Trossardın əvəzinə Tzolisi transfer etmək istəyir.

Kristos özü də “topçular”da oynamaq niyyətindədir.

Yunanıstanlı futbolçu ötən mövsüm 36 oyunda 17 qol vurub, 23 məhsuldar ötürmə edib.

Fransızlar Kanteyə “elçi düşdü”

15 July 2026 at 19:00

“Fənərbağça”nın futbolçusu Nqolo Kante klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Paris” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Liqa 1 təmsilçisi İstanbul klubu ilə danışıqlara start verib.

35 yaşlı futbolçu bu ilin fevralından “Fənərbağça”da çıxış edir. O, Super Liqada 14 oyunda 2 qol vurub.

“Məqsədimiz milli komandalara çox oyunçu göndərməkdir”

15 July 2026 at 18:45

“Turan Tovuz” akademiyasın Uşaq Futbolunun İnkişafı üzrə direktor Eltay Aslanovun “Futbolpress.az”a müsahibəsi:

– Uşaq futbolunun mənzərəsini necə ifadə edərdiniz?
– Bölgələrdə kütləvilik var. Artıq demək olar, hər “zona”da uşaq komandaları üçün yarışlar təşkil olunur. Əvvəl uşaq futbolu müəyyən bölgələrlə məhdudlaşırdı, ancaq son illər kütləvilik baxımından müsbət dinamika var.

– Hər sahədə olduğu kimi, uşaq futbolunda da problemlər qaçılmazdır. Əsas çatışmazlıqlar nələrdir?
– Problemlər çoxdur. İlk növbədə meydançalarla bağlı çatışmazlıq var. Bu da uşaq futbolunda mənfi mənada sözünü deyir. Stadion problemləri tez həll edilsə daha yaxşı inkişafa nail olmaq olar.

– Akademiyada işlər necədir?
– Uşaqlar akademiyada futbolun sirrlərini, dərin ambisiyaları hiss edir, yaxından tanış olurlar. Məşqçilər də öz növbələrində çalışır ki, yetirmələri gələcəkdə Azərbaycan futbolunda sözlərini deyə bilsin. Bu, həm uşaqlar, həm də məşqçilər üçün həvəsləndirici məqamdır.

– Klubun bir müddət elitada olması bölgədə uşaq futboluna necə təsir etdi?
– “Turan Tovuz”un Premyer Liqaya gec qayıdışı və komandanın uzun müddət divizionda mübarizə aparması çətinlik yaşatdı. Çox uşaq başqa klubların akademiyasına getdilər. Bu səbəbdən durğunluq yaranmışdı. Amma son illərdə komandanın Premyer Liqada iddialılardan birinə çevrilməsi, akademiyanın qurulması yenidən inkişafa təkan verib.

– Qarşınıza hansı hədəfləri qoymusunuz?
– Məqsədimiz yaxşı futbolçular yetişdirmək, milli komandalara çox oyunçu göndərməkdir. Akademiya, klub olaraq bu istiqamətdə ciddi işlər görürük. Düşünürəm ki, bəhrəsini də görəcəyik.

– Son 10 ilə baxsaq, ümumilikdə ölkədə uşaq futbolu ilə bağlı hansı inkişaf nəzərə çarpır?
– Neçə illərdir, mütəxəssislər problemlərdən danışır, çatışmazlıqları deyirlər, amma təssüfflər olsun ki, həll yolu tapılmır. Öncə də qeyd etdim, əsas məsələ stadionlardır. Bölgələrdə seleksiya işləri artmalıdır, istedadlı uşaqlar daim diqqətdə saxlanılmalıdır. Liqalarda yeniliklər olur və düşünürəm ki, getdikcə daha yaxşı inkişafa nail ola biləcəyik. Kütləviliyin artması da müsbət məqamlardandır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

İspanın dəqiqliyi

15 July 2026 at 17:34

İspaniya millisinin futbolçusu Rodri DÇ-2026-da unikal göstəriciyə imza atıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi mundiallar tarixində ən çox dəqiq ötürmə edən futbolçudur.

Rodri 7 oyunda ümumilikdə 705 ötürmə edib ki, bunların da 655-i dəqiq olub. Onun pas dəqiqliyi 92.91 faizdir və bu, mundiallardakı rekord göstəricidir.

Bundan əvvəlki ən yaxşı göstərici DÇ-2014-də Toni Kroosa məxsus idi. O, həmin mundialda 643 dəqiq ötürmə etmişdi.

“Neftçi”nin açıq məşqi olacaq

15 July 2026 at 17:19

Neftçi” PFK-nın yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, məşq iyulun 18-də saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.

Komandanın hazırlığını canlı izləmək üçün “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlərimizi tribunalarda gözləyəcəyik. Stadiona giriş sərbəstdir. Saat 16:00-dan etibarən “Palms Sports Arena”da yerləşən rəsmi mağazanın da qapılarını qonaqlar üçün açılacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir. Onlar üçün məşqdən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

Milli DÇ-yə Qusarda hazırlaşır

15 July 2026 at 16:50

Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət Azərbaycan milli komandası cüdo üzrə dünya çempionatına hazırlığın növbəti mərhələsindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Baş məşqçi Riçard Trautmanın rəhbərliyi ilə keçirilən məşqlərdə əsas diqqət fiziki hazırlığın artırılması, eləcə də ne-vaza üzrə texniki və taktiki bacarıqların inkişafına yönəldilir.

Bakının ev sahibliyi edəcəyi dünya çempionatı 4-11 oktyabr tarixlərində keçiriləcək.

Kubarsi: “Bir çox insanın ağzını yumduq”

15 July 2026 at 16:25

İspaniya millisinin futbolçusu Pau Kubarsi DÇ-2026-da Fransaya qalib gəldikləri yarımfinal oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi komandanı tənqid edənlərə cavab verib:

“Müdafiəçilərimiz və qapıçılarımız çox tənqid olunurdu. Hərə bir fikir deyirdi. Mundialda finala qədər cəmi bir qol buraxmışıq. Məncə, bir çox insanın ağzını yumduq”.

İspaniya finalda Argentina – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Matç bu gün saat 23:00-da start götürəcək.

Modriçlə bağlı qərar verildi

15 July 2026 at 16:16

“Milan” futbolçusu Luka Modriçlə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçini daha bir mövsüm komandada saxlamaq arzusundadır.

Baş məşqçi Ruben Amorim də Modriçin qalmağını istəyir.

Luka ötən mövsüm “Milan”la A Seriyasında 34 oyunda 2 qol vurub.

Argentinalı futbolçu mundialdan sonra klubunu dəyişəcək

15 July 2026 at 15:48

“Tottenhem”in və Argentina millisinin futbolçusu Kristian Romero karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter” müdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Neradzurra” artıq oyunçu üçün London klubu ilə danışıqlara başlayıb.

Romero ilə “Barselona” da maraqlanır. Argentinalı futbolçu dünya çempionatından sonra seçimini edəcək.

“Tanqoçular” yarımfinalda bu gün İngiltərə ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.

“Messini dayandırmağa hazırıq” – Tuxel

15 July 2026 at 15:26

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-da Argentinaya qarşı keçirəcəkləri yarımfinal oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az “The Telegraph”a istinadən xəbər verir ki, mütəxəssis rəqib komandanın hücumçusu Lionel Messidən danışıb:

“Messi meydanda istədiyi boşluğu tapmaqda mahirdir. Komandası onun üçün döyüşür və hər an yanındadır. Hər kəs Messini topla təmin etməyi düşünür. Bunları bilirik və planımızı qurmuşuq.

Bütün diqqətimiz Messidə olmalıdır? Düşünmürəm. Sadəcə cəsarətli oynamalı, onu idarə etməliyik. Messini dayandırmağa hazırıq. Görək, necə olacaq”.

Argentina – İngiltərə oyunu saat 23:00-da start götürəcək.

“Barselona”da yeni müqavilə

15 July 2026 at 15:19

“Barselona” müdafiəçisi Aleks Kamposla müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə anlaşmın müddəti 2029-cu ilin yayına kimi artırılıb.

Kampos klubun yetirməsidir. O, İspaniyanın U-18 yığmasının da kapitanıdır.

Finalda 30 dəqiqəlik fasilə

15 July 2026 at 15:00

DÇ-2026-nın final matçında hissələrarası fasilə 30 dəqiqə olacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Matçın fasiləsində bir neçə müğənninin ifası nəzərdə tutulub və buna görə fasilə müddətinin 15 yox, 30 dəqiqə olması planlaşdırılır.

İspaniya millisi finala yüksələn ilk komandadır. Digər finalçı isə Argentina – İngiltərə cütünün qalibi olacaq. Bu gün keçiriləcək matça saat 23:00-da start veriləcək.

Farnsadan ayrıldı, İngiltərəyə üz tutdu

15 July 2026 at 14:41

Fransanın “Lill” klubundan ayrılan Tomas Menye karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Sanderlend”ə keçib. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. Belçikalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Menye daha əvvəl PSJ-də də çıxış edib.

“Fənərbağça” növbəti “bomba”ya hazırlaşır

15 July 2026 at 14:16

“Aston Villa”nın futbolçusu Olle Vatkins karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” ingiltərəli hücumçunu transfer etmək istəyir. Bu barədə “Takvim” nəşri məlumat yayıb. İstanbul klubunun Vatkins üçün Birmingem təmsilçisinə 35 milyon avro təklif etdiyi bildirilib. Tərəflər arasında danışıqlar artıq başlayıb.

“Fənərbağça” bundan öncə “Marsel”dən 39 milyon avro qarşılığında Meyson Qrinvudu transfer edib.

Yamal varsa, qələbə də var

15 July 2026 at 13:37

İspaniya millisinin futbolçusu Lamin Yamal unikal göstəriciyə imza atıb.

Futbolpress.az “Opta”ya istinadən xəbər verir ki, “Qırmızı furiya” dünya və Avropa çempionatlarında 18 yaşlı vingerin start heyətdə meydana çıxdığı son 12 oyunda qələbə qazanıb.

İspanlar dünən dünya çempionatında Fransaya qalib gələrək (2:0) finala yüksəlib. Yamal bu görüşə “11-lik”də başlayıb.

 

Azərbaycan millisi Frankfurtda 6 medal qazandı

15 July 2026 at 13:19

Almaniyanın Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir başa çatıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi yarışda 6 medal qazanıb.

U-19 komandamızın heyətində Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Sübhan Babayev (60 kq) gümüş, Toğrul Quliyev (60 kq), Şahin Aslanov (65 kq) və Səftər Məmmədzadə (+90 kq) bürünc medala sahib olublar.

 

Zidan gəlir

15 July 2026 at 12:44

Fransa millisinda baş məşqçi Didye Deşam vəzifəsindən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssisin müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Fransa yığmasının yeni baş məşqçisi Zinəddin Zidan olacaq. Təyinatın yaxın zamanda açıqlanacağı gözlənilir.

“Xoruzlar” dünya çempionatında yarımfinalda İspaniyaya uduzub – 0:2.

AMADA hazırladı, WADA razılaşdı

15 July 2026 at 12:29

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən hazırlanmış 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə razılaşdırılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan, yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələr sırasında yer alaraq bu sahədə qabaqcıl mövqeyini bir daha nümayiş etdirib.

Yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsinə uyğun hazırlanıb və 1 yanvar 2027-ci il tarixindən etibarən tətbiq olunacaq.

2027-ci il qaydaları antidopinq sahəsində bir sıra mühüm yenilikləri özündə ehtiva edir. Əsas dəyişikliklərdən biri antidopinq qayda pozuntularına münasibətdə tətbiq edilən diskvalifikasiya müddətləri ilə bağlıdır. Belə ki, nümunəsində qadağan edilmiş maddə aşkar edilmiş idmançı həmin maddənin orqanizminə necə daxil olduğunu və onun idman nəticələrinin artırılmasına təsir göstərmədiyini sübut edə bildiyi hallarda, əvvəlki qaydalarla müqayisədə daha aşağı həddə sanksiyanın tətbiqi mümkün olacaq.

Bununla yanaşı, törətdiyi antidopinq qayda pozuntusunu qəbul edən və AMADA tərəfindən təklif olunan hüquqi nəticələrlə razılaşan idmançılar üçün də yeni güzəşt mexanizmi nəzərdə tutulub. Belə hallarda tətbiq ediləcək diskvalifikasiya müddətinin 25 faizinin azaldılması mümkün olacaq.

Yeni qaydalar, həmçinin antidopinq qayda pozuntularının, inzibati xətaların və ya cinayət əməllərinin aşkar edilməsində AMADA ilə səmərəli əməkdaşlıq edən şəxslər üçün də güzəştlər müəyyən edir. Müəyyən edilmiş şərtlər daxilində belə şəxslərə tətbiq olunan sanksiyaların dörddə üç (3/4) hissəsindən çox olmamaq şərti ilə azaldılması mümkün olacaq.

Əhəmiyyətli yeniliklərdən biri də odur ki, antidopinq qayda pozuntusu törədən şəxslərə münasibətdə artıq yalnız diskvalifikasiya deyil, eyni zamanda maliyyə xarakterli sanksiyaların tətbiqi də nəzərdə tutulur.

Bundan əlavə, yeni qaydalarla milli idman federasiyalarının dopinqlə mübarizə sahəsində öhdəlikləri daha da gücləndirilib. Bu öhdəliklərin yerinə yetirilməməsi hallarında federasiyalara müxtəlif növ sanksiyaların tətbiqi nəzərdə tutulur.

“Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var” – Məmmədov

15 July 2026 at 12:13

“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə uduzub.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov klubun saytına açıqlamasında 1:2 hesabıyla bitən matçı şərh edib:

“Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda “Qəbələ” ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.

Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.

İkinci hissədə isə gənc futbolçulara, Akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar”.

“Şamaxı”da israilli futbolçu

15 July 2026 at 11:45

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” israilli yarımmüdafiəçi Teşager Dequnu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.

Degunun son klubu İsrailin “İroni” (Modin) olub.

 

Umarali: “Nəyə qadir olduğumuzu tam göstərməmişik”

15 July 2026 at 11:28

“Sabah” Çempionlar Liqasında I təsnifat mərhələsində cavab oyununda TNS-i məğlub edib – 2:0.

“Bayquşlar”ın futbolçusu Umarali Rahmonaliyev “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Oyun planına və intizama əməl etməməli, həm də xarakter göstərməli idik. Fikrimcə, bunu bacardıq. İlk oyundan sonra özümüzə daha çox inanırdıq, amma ilk matçdan sonra cütün taleyinin həll olunduğunu düşünmürdük. Biz hələ nəyə qadir olduğumuzu tam göstərməmişik. Qarşıda çox oyun var. Ümid edirəm ki, daha baxımlı futbol nümayiş etdirəcəyik və istədiyimiz nəticələri əldə edəcəyik”.

Özbəkistanlı yarımmüdafiəçi növbəti rəqibləri “KuPS” haqda fikirlərini bölüşdü:

“Rəqibi təhlil edəcəyik. Məncə, Çempionlar Liqasının təsnifat mərhələsində nə asan rəqib, nə də oyun olur. Buna görə də məqsədimizə çatmaq üçün hər oyuna ciddi hazırlaşacağıq. Qarşıda hazırlaşmaq üçün vaxtımız var. Bu oyunda da maksimumu edib, növbəti mərhələyə yüksəlmək istəyirik”.

Şahin Cəfərov

“Karvan-Yevlax”dan ayrılan futbolçu II Liqada

15 July 2026 at 11:16

“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi qapıçı Əmrah Buludu heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Əmrahın son klubu “Karvan-Yevlax” olub.

“Şirvan” yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq.

 

DÇ-2026: Argentina finalda

16 July 2026 at 01:05

Bu gün dünya çempionatında ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımfinalın digər görüşündə son çempion Argentina İngiltərəyə qalib gəlib.

Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.

DÇ-2026
Yarımfinal

15 iyul

23:00 Argentina – İngiltərə 2:1

Qollar: Enzo, 86, Martines, 90+2 – Qordon, 55

Torala görə penalti qazandılar

15 July 2026 at 10:29

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “timsahlar” “Pendikspor”la qarşılaşıb. Görüş 2:2 hesabıyla başa çatıb.

Toral bu görüşdə iştirak edib. O, penaltiyə səbəb olub və rəqib “11 metrə”dən ikinci qolu vurub.

Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib.

Harrisondan “Sabah”a tərif

15 July 2026 at 10:18

Uelsin TNS komandasının baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasında “Sabah”a məğlub olduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə bir neçə şans yaratdıq, ancaq qol vura bilmədik. “Sabah” kimi güclü komandalarla oyunlarda hər fürsəti dəyərləndirməlisən, yoxsa cəzalanacaqsan. Onlar sürətli əks-hücumdan hesabı açdılar və bununla da bizim üçün demək olar, oyun bitdi. Rəqibin keyfiyyətli futbolçuları var və bu keyfiyyət fərqi sözünü dedi. 

Fasilədə uşaqlara dedim ki, “məyus olmayın, meydana çıxın və vuruşun”. Qarşıda hələ avrokubok matçlarımız var, onlara hazır olmalıyıq”. 

“Sabah” iki oyunun nəticəsinə görə (2:0, 2:1) mərhələ adlayıb. “Bayquşlar” II təsnifatda Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq.

Deşam: “Bu hakimin yarımfinalda nə işi var?”

15 July 2026 at 10:00

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-da İspaniyaya məğlub olduqları yarımfinal oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az “RMC Sport”a istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Başa düşürəm, məyusuq, istədiyimiz kimi oynamadıq. Dünya çempionatında ən zəif performansı göstərdik. Ancaq soruşuram, bu hakimin yarımfinalda nə işi var? Özüm cavab verməyəcəyəm, amma şübhəli məqamlar var idi. Məğlubiyyətə bəhanə gətirmirəm, zəif oynadığımızı qəbul edirəm, ancaq hakimin işi də çox aşağı oldu. Sanki ispanlara simpatiyası var idi”.

Fransa – İspaniya oyununu salvadorlu İvan Barton idarə edib. O, görüşdə fransızların qapısına penalti təyin edib.

Gözlənilən oldu: iki qələbə və artan əmsallar

15 July 2026 at 09:39

“Sabah” tarixində ilk dəfə iştirak mübarizə apardığı Çempionlar Liqasında mərhələ adladı.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uels təmsilçisi TNS-ə hər iki oyunda qalib gəldi. Bakıdakı matçda ikinci, səfərdə isə birinci hissədə vurduğu iki qolla rəqibini üstələyən “Bayquşlar” adını II təsnifat mərhələsinə yazdırdı.

“Müqəddəslər”lə duelin favoriti “Sabah” demək olar, çətinlik çəkmədi. Keyfiyyətdə də rəqibini üstələyən “futuristlər” iki görüşdə də lazımi vaxtda fərqlənməklə nəticəni müəyyənləşdirdi. Qələbələr eyni zamanda Azərbaycanın UEFA reytinqinə 0.500 əmsal əlavə etdi.

Növbəti rəqib Finlandiyanın “KuPS” komandası olacaq. “Sabah” finlərlə duelin də favoritidir. Lakin “KuPS” TNS qədər zəif deyil və rəqibə ciddi yanaşmaq mütləqdir. Dambrauskas TNS-lə hər iki oyunda futbolçuların arxayınlaşmasına imkan vermədi.

“Sabah” ötən mövsümün heyətini qoruyub. Demək olar ki, bir-iki mövqedə dəyişiklik etməklə eyni “11-liy”i meydana buraxan Valdas yeni transferləri də yavaş-yavaş sistemə uyğunlaşdırmağa başlayıb. Komandaya yayda qoşulan Erivaldo Almeyda startda meydana çıxdı və müdafiədə etibarlı oyunu ilə diqqət çəkdi.

“Futuristlər” “Kups”u da keçəcəyi təqdirdə, ən pis halda Konfrans Liqasında pley-offu təmin edəcək. Komandanın potensialı isə ÇL-də ən azı daha bir mərhələ adlamağa imkan verir.

Şahin Cəfərov

Millinin keçmiş hücumçusu “Şirvan”da

15 July 2026 at 09:23

“Şirvan” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi hücumçu Amil Yunanovu heyətinə qatıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Amilin son klubu  “ASTA Mingəçevir” olub.

Hücumçu karyerası ərzində “Sumqayıt”, “Səbail” kimi komandalarda çıxış edib. O, Azərbaycan yığmasında 5 oyunda forma geyinib.

“Şirvan” Azərbaycan II Liqasında mübarizə aparacaq.

“Sabah”dan UEFA reytinqinə növbəti töhfə

15 July 2026 at 09:15

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda TNS-i (Uels) məğlub edən “Sabah” Azərbaycanın UEFA reytinqi xallarını artırıb.

Futbolpress.az xəbər verir ki, 2:1 hesablı qələbə sayəsində Azərbaycanın aktivinə 0.250 əmsal əlavə olunub. Ölkəmiz 19.563 göstərici ilə reytinqdə 26-cı pillədə qərarlaşıb.

25-ci sırada 20.750 xalla İsrail, 27-ci pillədə isə 18.313 əmsalla Bolqarıstan yer alıb.

Reytinq cədvəlinə 98.520 xalla İngiltərə başçılıq edir.

 

Dambrauskas: “Daha bir qol vurmaq istəyirdik”

15 July 2026 at 00:39

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında TNS-ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis oyundan sonra baş tutan mətbuat konfransında bunları deyib:

– İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.

– Qələbəni necə şərh edərdiniz? 

– Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini, əlbəttə ki, müsbət qiymətləndirirəm.

– Növbəti turda Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaqsınız… 

– İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, KuPS-un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.

Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq.

Şahin Cəfərov 

“Fənərbağça” hücumçusunu satışa çıxardı

14 July 2026 at 22:18

Qvineyalı hücumçu Sidiki Şerif “Fənərbağça”dan ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, 19 yaşlı futbolçu komandanın baş məşqçisi İsmail Kartalın planlarında yer almır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul klubu Şerif üçün təklifləri dəyərləndirməyə qərar verib.

Bu ilin yanvarında heyətə cəlb edilən hücumçu “bülbüllər”lə Super Liqada 12 oyunda 2 qol vurub. Onun “transfermarkt”da dəyəri 18 milyon avrodur.

“Mançester Yunayted” transferi açıqladı

14 July 2026 at 21:38

“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-şeytanlar” “Aston Villa”dan Yuri Tilemansla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

MY belçikalı yarımmüdafiəçinin transferi üçün 41 milyon avro ödəyəcək.

Tilemans Belçika millisi ilə dünya çempionatında 5 oyunda 2 qol vurub. “Qırmızı şeytanlar” mundialda ¼ finalda İspaniyaya uduzub – 1:2.

Premyer Liqa klubları yoxlama oyununda üz-üzə gəldi

14 July 2026 at 20:50

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” və “Kəpəz” yoxlama oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda baş tutub.

Görüş “qırmızı-qaralar”ın 2:1 hesablı qələbəsiylə başa çatıb.

TNS – “Sabah”: heyətlər

14 July 2026 at 20:26

“Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda bu gün TNS-in qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, saat 21:30-da start götürəcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar:

TNS: Natan Şepperd, Daniel Villiams, Dinel Simeu, Cek Bodenam, Daniel Redmond, Leo Smit, Dominik Korness, Eon Farrel, Rayan Brobbi, Cordan Villiams, Ris Haqs

“Sabah”: Stas Pokatilov, Rəhman Daşdəmirov, Erivaldo Almeyda, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Rahmonaliyev, Velko Simiç, Aleksey İsayev, Aaron Maluda, Coy-Lens Mikels.

“Şamaxı”da portuqaliyalı müdafiəçi

14 July 2026 at 20:11

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolpress.az xəbər verir ki, “şirlər” Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Paçeçonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.

“Bavariya”da planlar dəyişdi – o, satılmayacaq

14 July 2026 at 19:26

“Bavariya” futbolçusu Kim Min Cey ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi müdafiəçini satmaq fikrindən daşınıb. Bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

“Bavariya” daha əvvəl Kim ilə yolları ayırmağı planlaşdırırdı. Lakin baş məşqçi Vensan Kompani komandanın geniş heyətə sahib olmasını istəyib və bu səbəbdən asiyalı oyunçunun komandada qalmalı olduğunu bildirib.

Kim 2023-cü ildən Almaniya klubunda çıxış edir.

“İnter” mundialı gözləyir – planda danışıqlar var

14 July 2026 at 19:00

“Tottenhem” və İngiltərə millisinin futbolçusu Ced Spens karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “İnter” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Neradzurra” dünya çempionatından sonra 25 yaşlı futbolçu üçün danışıqlara başlamağı planlaşdırır.

Spens İngiltərə yığması ilə mundialda 6 oyunda iştirak edib. İngilislər yarımfinalda Argentina ilə üz-üzə gələcək. Sabah baş tutacaq oyuna saat 23:00-da start veriləcək.

Spensin “transfermarkt”da dəyəri 30 milyon avrodur.

Yamalın qol arzusu

14 July 2026 at 18:39

İspaniya millisinin futbolçusu Lamin Yamal açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı vinger DÇ-2026-da qol vura bilməməsindən danışıb:

“Mundialda qol vura bilməməyin məni narahat etmir. Hər turnir fərqlidir. Futbolda belə hallar olur, həmişə qol vurmaq mümkün deyil. Əsas diqqətim komandanın irəli getməyindədir. Millidə kimin fərqlənməsinin önəmi yoxdur. Qarşıda Fransa ilə çox vacib oyunumuz var. Ümid edirəm ki, yaxşı nəticə ilə finala çıxarıq. Bu oyunda qol hesabımı açacağıma ümid edirəm”.

Bu gün keçiriləcək Fransa – İspaniya oyununa 23:00-da start veriləcək.

Premyer Liqa klubu qvineyalı hücumçu gətirdi

14 July 2026 at 18:14

Məşqlərini davam etdirən “Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində də işləri davam etdirir.

Futbolpress.az xəbər verir ki, Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib.

Futbolçunun həm da Fransa vətəndaşlığı var.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Qarnaçodan “yaşıl işıq”

14 July 2026 at 17:45

Argentinalı futbolçu Alexandro Qarnaço “Çelsi”dən ayrılmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, cinah oyunçusu “Roma”nın təklifini qəbul edib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Paytaxt klubu Qarnaçonun transferi üçün “Çelsi” ilə danışıqları davam etdirir.

Qarnaço 2025-ci ildən London klubunda çıxış edir. O, ötən mövsüm 39 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 28 milyon avrodur.

Yarımfinal öncəsi Mbappe narahatlığı

14 July 2026 at 17:29

Fransa millisinin futbolçusu Kilian Mbappe zədəsini tam sağaltmayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Forvardın hələ də sağ ayaq topuğunda ağrılar var. Buna baxmayaraq, onun İspaniya ilə yarımfinal matçına start heyətdə başlamaq ehtimalı yüksəkdir. Onun ağrıkəsicilərlə meydana çıxacağı bildirilir.

Bu gün keçiriləcək Fransa – İspaniya oyununa saat 23:00-da start veriləcək.

Veteran futbolçu: “Məncə, bu cütün qalibi dünya çempionu olacaq”

14 July 2026 at 17:15

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə start veriləcək. Turnirin favoriti Fransa ilə İspaniya üz-üzə gələcək. Matça saat 23:00-da start veriləcək.

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Dünya çempionatı başlayandan favoritim Fransadır. İndi artıq yarımfinaldadırlar. Fransanın çox güclü heyəti var. Sürətli hücumlar təşkil edirlər və müdafiədə də kompaktdırlar. Lakin İspaniyanı da göz ardı etmək olmaz. Gənc və dinamik heyətə sahibdirlər. Məncə, bu cütün qalibi dünya çempionu olacaq. Mənim favoritim Fransadır”.

Keçmiş oyunçu ABŞ, Meksika və Kanadada təşkil olunan mundialla bağlı təəssüratlarını bölüşdü:

“Ümumi götürəndə bu çempionatı çox bəyəndim. Təşkilatçılıq əla idi, demək olar, bütün oyunlarda stadionlar doldu. Mundialda sürpriz komanda olduğunu deyə bilmərəm. Sadəcə Kabo Verde möhtəşəm işlər gördü və onlar xalqına bir müddətlik bayram yaşatdılar. Etdikləri qəhrəmanlıq idi, halal olsun. Təəssüflər olsun ki, Braziliya və Portuqaliya milliləri tez dayandı. Onları yarımfinalda görmək çox maraqlı olardı”.

Şahin Cəfərov

Premyer Liqada 49 milyonluq transfer

14 July 2026 at 16:46

“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Tottenhem”dən müdafiəçi Luka Vuşkoviçi transfer edib. Bu barədə “qağayılar”ın mətbuat xidməti məlumat yayıb. Arxa xətt oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

“Brayton” xorvatiyalı futbolçu üçün 49 milyon funt-sterlinq ödəyəcək.

Vuşkoviç 2025-ci ildə 11 milyon avro qarşılığında “Hayduk”dan “Tottenhem”ə keçmişdi. O, ötən mövsümü icarə əsasında “Hamburq”da keçirib.

“Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm”

14 July 2026 at 16:25

İngiltərə millisinin futbolçusu Niko Orayli DÇ-2026-nın yarımfinalında Argentinaya qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Futbolpress.az “BBC Sport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi “tanqoçular”ın kapitanı Lionel Messidən danışıb:

“Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm. O, artıq karyerasının sonuna yaxınlaşır. Messi mənim üçün meydanda qarşılaşacağım ən yaxşı futbolçudur. Çətin olacaq, amma onunla üz-üzə gəlməyə hazıram”.

Sabah keçiriləcək Argentina – İngiltərə matçına saat 23:00-da start veriləcək.

Deşam ispanları favorit görür

14 July 2026 at 16:09

Fransa millisi DÇ-2026-nın yarımfinalında bu gün İspaniya ilə qarşılaşacaq.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, fransızların baş məşqçisi Didye Deşam matçın favoritinin ispanlar olduğunu deyib:

“Şübhəsiz ki, favorit İspaniyadır. Onlar çox gözəl futbol sərgiləyilər. Top onlarda olanda hər an təhlükə yaratmaq bacarığındadırlar. Mundialda da çoxlu qol vurublar və yalnız birini buraxıblar”.

Fransa – İspaniya oyununa saat 23:00-da start veriləcək.

DÇ-2026: İspaniya finalda

15 July 2026 at 00:59

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, favoritlər Fransa ilə İspaniya üz-üzə gəlib. Görüş ispanların qələbəsiylə başa çatıb.

Yarımfinalın digər görüşü sabah Argentina ilə İngiltərə arasında olacaq.

DÇ-2026
Yarımfinal 

14 iyul

23:00 Fransa – İspaniya 0:2

Qol: Oyarsabal, 22 (pen.) ,Porro, 58

ÇL: “Sabah” mərhələ adladı

14 July 2026 at 23:22

“Sabah” bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə TNS ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb.

“Sabah” ilk oyunda rəqibini 2:0 hesabıyla məğlub edib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu

14 iyul

21:30 TNS (Uels) – Sabah 1:2
Qollar:
Lok, 89Mikels, 28, Rəhman, 42

❌
❌