Olivye Pantalon – “Nitsa”nın yeni baş məşqçisi!
Fransalı futbol mütəxəssisi Olivye Pantalon Fransa Liqa 1-də mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Nitsa” rəhbərliyi bir gün öncə istefaya göndərdiyi Klod Pyuelə əvəzləyicini dərhal müəyyənləşdirib. Belə ki, bundan sonra “qartallar”a digər fransalı mütəxəssis Pantalon rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Olivye Pantalon daha öncə “Ayaçço”, “Tur”, “Loryan” kimi komandalara da rəhbərlik edib.
Klod Pyuel isə “Nitsa”nın sükanı arxasına 2025-ci ilin dekabr ayında gətirilmişdi. 64 taşlı mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 8 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət görüb.
“Nitsa” Pyuelin rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümünü 16-cı pillədə başa vurub. Komanda elitada qalmaq üçün “Sent Etyen”lə pley-off görüşləri keçirmək məcburiyyətində qalıb. Bu vəzifənin öhdəsindən çətinliklə gəlmiş komanda Liqa 1-də qalıb.
Klod Pyuel daha öncə “Sent Etyen”, “Lester Siti”, “Sauthempton”, Lion “Olimpik”i, “Lill” və “Monako” kimi komandalara da rəhbərlik edib. O, 2012-2016-cı illər aralığında da “Nitsa”nın baş məşqçisi olub.
Yeri gəlmişkən, “Nitsa”nın yeni prezidenti də məlum olub. Belə ki, sözügedən klub yenidən təşkilatlanmasına davam edir. “Qartallar”ın yeni prezidenti də məlumdur. Bu, “Nitsa”ya 2002–2009-cu illərdə rəhbərlik etmiş Moris Koendir.
Xatırladaq ki, “Nitsa”nın əvvəlki prezidenti Jan-Pyer River idi.
Əlavə edək ki, Koen 2002–2009-cu illərdə də “Nitsa”ya rəhbərlik edib.
