Korentin Tolisso “Olimpik”lə müqaviləsini yenilədi
Lion “Olimpik”inin fransalı yarımmüdafiəçisi və kapitanı Korentin Tolisso “toxucular”la müqaviləsinin müddətini 3 mövsümlük artırıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 31 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi 2029-cu ilin iyun ayının sonuna qədər “Olimpik”in xidmətində olacaq.
Xatırladaq ki, Tolisso “toxucular”ın məzunudur və “Olimpik”dən kənarda yalnız bircə dəfə – 2017–2022-ci illərdə “Bayern”də çıxış edib. Yarımmüdafiəçi Münhen təmsilçisinin heyətində 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub. Fransız oyunçu “Bayern”də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Tolissonun “Olimpik” karyerası isə 309 oyun, 57 qol və 36 məhsuldar ötürmədən ibarətdir.
Korentin Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, ölkəsinin yığma komandasında 28 oyuna 2 qol vurub.