Normal view

Yesterday — 15 December 2025Main stream

“Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar”

15 December 2025 at 19:45

Sabah”ın U-15 komandasının məşqçisi Savalan Əlizadənin “Futbolpress.az“a müsahibəsi:

– Məşqçisi olduğunuz komandanın durumunu necə şərh edərdiniz?
– Komandamızın durumu yaxşıdır. İstədiyimiz daha artırmaqdır. Uşaqlar məşqlərə istəkli gəlir. Bu yaş qrupu elədir ki, diqqətli olmaq lazımdır. Bəzi situasiyalarda səbirli davranmaq, uşaqları inkişaf etdirmək lazımdır. Oyunçuların yaxşı formalaşması üçün məşqdə və məşqdən kənarda işlərimiz olur. Eyni zamanda onlara sosial həyatlarında düzgün istiqamət verməyə çalışırıq. Məşqçilər heyəti olaraq istəyimiz odur ki, həm futbolçu, həm fərd kimi oyunçuları inkişaf etdirək.

– Çempionatın təşkili ilə bağlı hansı çatışmazlıqlar var?
– Yaxşı tərəflər də var, amma çatışmazlıqlar daha çoxdur. U-15 Liqasında sistem qarışıqdır. 20 komanda 4 qrupda mübarizə aparır. Komandalar 4 dövrə oynayırlar və yekunda 1 və 2-ci yeri tutanlar A qrupuna, yüksək qrupa yüksəlir. Biz B qrupunda mübarizəyə başladıq, daha sonra A-ya yüksəldik. Mənfi məqam odur ki, hər 4-5 oyundan sonra bir tur buraxırıq. Uşaqlar bu yaş dövründə nə qədər çox oyun keçirsə, çox yaxşıdır. 5 dövrədə 5 oyun buraxırıq. Bu, mənfi məqamdır. Eyni zamanda bəzi klublar var ki, məsələn, “Qarabağ” A qrupunda “Ulduz”la qarşılaşır. A qrupunda olduqları üçün bir neçə dəfə özləri ilə oynayırlar və digər kollektivlərlə qarşılaşmaq şansları olmur. Məsələn, iki qrup pley-off üçün oynasaydı, daha yaxşı olardı. Çünki uşaqlar nə qədər fərqli komandayla oynasa, daha yaxşı olar. Məsələn, “Ulduz”, “Neftçi”, “Qarabağ”a qarşı elə olur ki, il ərzində 5-6 dəfə oynayırıq, amma elə kollektiv var ki, onlarla heç oynamırıq.

– Seleksiya işləri hansı formada edilir?
– Seçimlərimiz iki dəfə – yay və qış seçimləri olur. Yayda daha geniş, kütləvi seçim olur. Rayonlara gedir, uşaqları 2-3 mərhələdə seçirik. Akademiyada yaş qruplarına uyğun uşaqlar götürürük. Qış aylarında isə kütləvi seçim olmur. Hansısa klubdan bizə müraciət edib, seçimlərə qatılmaq istəyən olsa, dəyərləndiririk. Qış aylarında kütləvilik az olur. Əsas seleksiya yayda keçirilir.

– Uşaq futbolu problemlər yuvasıdır. Son illərdə hansısa müsbət məqam nəzərə çarpır?
– Çox geniş danışmaq istəmirəm. Çünki o qədər böyük müzakirə olunası problemlərdir ki… Problem bir deyil, çoxdur. Ümid edək ki, problemlərin aradan qaldırılması üçün işlər daha genişlənəcək. Eyni zamanda dövlət nəzarəti, klubların diqqəti artırması vacibdir. Yetişən futbolçularımız çoxdur, amma müəyyən yerdə dayanır. Keyfiyyəti artırmaq üçün klublar da işlər görməlidir. Müsbət məqamlar da var. Məsələn, futbola gəlmək istəyən, gələn uşaqlar kifayət qədər çoxdur. Bir çox məktəblər, özəl yerlər var ki, müəyyən kütlələr formalaşır və ordan keyfiyyətli uşaqlar götürə bilərik. Yəni, xüsusi hazırlıqla yetişən uşaqlar klublara cəlb edilsə, daha yaxşı olar.

– Valideyn-məşqçi münasibəti hansı formada tənzimlənir?
– Biz valideynlərlə çox ünsiyyətdə olmuruq. Çünki elə yaşdadır ki, uşaqların özləri vəziyyəti dərk edə bilir. Proseslərin hamısını həm komanda, həm fərdi şəkildə uşaqlara izah edirik. Lakin hansısa problem olsa – uşağın intizamı, məşqə yanaşmasında hansısa axsama olarsa, valideyni dəvət edir, məsələni izah edirik ki, tez zamanda problemi çözək. Məqsəd keyfiyyətli oyunçu, fərd yetişdirməkdir. Aşağı yaş qruplarında valideynlərlə məşqçilərin münasibəti daha sıx olmalıdır. Çünki hamı futbol ailəsindən gəlmir. Böyük əksəriyyət valideyn fərqli sahələrdə işləyir. Ona görə onlara futbolçu valideyni olmaq, nələri bilmək lazımdır izah etməliyik. Məşqdən yarışlarda iştirakına qədər valideynə məlumatlar verilməlidir. Bu proseslər klubumuzda gedir. Aşağı yaş qruplarında çalışanda valideynlərə bu informasiyaları verirdim. Çünki bəzən uşaq valideynə səhv məlumat verə bilir. Ona görə bunun qarşısını almaq üçün münasibətlər yaxşı olmalıdır. Valideyn səhv məlumatla uşağı fərqli yönləndirə bilər. Ona görə əvvəldən münasibətlər daha sıx, əlaqəli olmalıdır. Necəki uşağı məktəbə göndərəndə müəllimlərdən bütün məlumatları alırıqsa, futbolda da elədir. Valideyn uşaqların problemlərini bilməlidir. İndiki dönəmdə uşaqların telefonla oynaması ciddi problemdir. Biz həm valideynə, həm uşağa bu situasiyanın mənfi məqamlarını izah etməliyik.

– Problemlərin həlli nədədir bəs?
– Problem çoxdur, kifayət qədərdir. Tək bizdə yox, digər ölkələrdə də var. Biz fərd olaraq problemin öhdəsindən gəlmək istəyirikmi, ya yox? Məsələ budur. Biri məşqçi, biri uşaq, biri klubdan danışır. Problem kimdədir bəs? Məşqçilərlə bağlı onu deyə bilərəm ki, tənbəl olmaq lazım deyil. İnkişaf etmək, futbolçu yetişdirməyin sirrlərini öyrənmək lazımdır. Məşqçi elə olmalıdır ki, uşaq artıq bilməlidir ki, məşqə niyə gəlir. Eyni zamanda valideynlər də anlamalıdır ki, uşaq nə üçün məşqə gedir. Uşaqlara hər gün deyirəm, məşqdən sonra düşünün, bu gün niyə gəldim, nə öyrəndim. Yəni, bütün məsələlər fərdlərlə bağlıdır – oyunçudan tutmuş klub rəhbərinə qədər. Bu problemlərin öhdəsindən gəlmək potensialımız var. Şəraiti, məşqçiləri, oyunçuları pisləyənlər çoxdur. Hara baxırsan, hamı problemdən danışır, bəs kim həlli üçün çalışır. Hər kəs bir addım atsa, problemlərin 50 faizi həll olar. Ən çox da məşqçi – valideyn – klub münasibətləri qaydasına düşsə, peşəkar addımlar atılsa, yaxşı futbolçular yetişdirə bilərik.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌
❌