Normal view

Today — 28 March 2026Main stream

Düzəlmək üçün düz etmək

28 March 2026 at 11:54

Belə başa düşüldü ki, Ayxan Abbasov media və ictimaiyyətlə hələ də elit səviyyədə kommunikasiyaya hazır deyil. Bu məsələ ona görə vacibdir ki, o, artıq hansısa klubun deyil, milli komandanın baş məşqçisidir və hər oyun xarici komandaya qarşı olur…

Sent Lüsiya ilə oyundan sonra mətbuat konfransında tənqidlərə açıq yanaşdığını deməyi lazımi tələb baxımından məqbul yanaşma idi, lakin cavabın sonunda yenə, “…hərdən görünür ki, kimin daxilində nə var…” tipli lazımsız cümlə işlədib.

Nə vaxtdır dərinə getmədən, eyhamla işarə etsək də, Ayxan bəy anlamadı ki, çək-çevir yox, müşahidə “mood”unda olması lazımdır. Ya da anlayır, lakin öz bildiyindən əl çəkmir.

Tənqidçilər arasında biz də varıq, başqa bu işi peşəkar görənlər də var. Elitada olan mütəxəssis bu məsələdə diqqətli davranmağı bacarmasa, heç vaxt öz istədiyi iş mühitini qura bilməyəcək; beyin daim gərginlikdə qalacaq.

Nə qədər eyhamlasaq da, xeyri olmadı, yenə xırda da olsa, əhəmiyyətsiz fikir sahiblərinə lazımsız atmaca oldu.

Gələk 6:1 hesablı tarixi qələbəyə. Sent Lüsiya yarımhəvəskar səviyyədə oynayan komanda təsirini bağışladı. Buna görə də millinin potensialı və ya yaxın perspektivi haqda qeydlər üçün ciddi material yoxdur. Lakin xüsusən ikinci hissədə qurulan çoxsaylı hücumlarımızda realizasiya problemi Abbasov üçün siqnal ola bilər.

Sent Lüsiya ikinci hissədə qapandı və müdafiə planı o qədər səviyyəli qurulmamasına rəğmən aramsız hücumlarımız nəticəsiz qalırdı. Belə məqamlarda rotasiyalar etmək, hücum modelini dəyişmək gərəkdir. Yalnız bunlar tətbiq ediləndən sonra Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadənin hücum fazasında faydalı iş əmsalı artdı, qollar vurmağa başladıq.

Hər nə qədər rəqibin zəif olmasını qabartsaq da, böyükhesablı qələbənin ruh yüksəkliyi yaratması danılmazdır. İndiki məqamda da Azərbaycan millisinə bu hava-su qədər əhəmiyyətlidir.

Syerra Leone ilə oyunda Abbasov üçün heyətin optimallaşdırılması daha vacib ola bilər. Sent Lüsiyaya qarşı 22 futbolçunu sınaqdan keçirən baş məşqçi qarşıdakı yoxlama oyununda yayda Avstriyada keçiriləcək təlim-məşq toplanışına kimlərin dəvət edilməsi sualına daha dəqiq cavab tapacaq.

Millətlər Liqasında çıxışa qədər Avstriya toplanışından savayı, daha 2-3 sparrinq rəqib tapılsa, çox faydalı olar.

Elçin Cəlilov

❌
❌