Finalların uğursuzu, “mavi samuraylar” sürpriz arzusunda – F qrupuna baxış
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.
Ötən yazılarımızda A, B, C, D və E qrupunu dəyərləndirdik. İndi isə F qrupuna nəzər salaq:
Qrup F
Niderland
İsveç
Yaponiya
Tunis
Niderland
“Narıncılar” mundialın gizli favoritlərindəndir. Avropanın nüfuzlu komandalarından sayılan Niderland yığması hələ dünya çempionu ola bilməyib. Komandanın mundiallardakı ən böyük uğuru üç dəfə ikinci yeri tutmasıdır. Yığma 1974, 1978 və 2010 dünya çempionatında finalda uduzub. Komanda sonuncu – 2022-ci ildəki mundialda 1/4 finalda dayanıb. Niderland mundiallarda üç final oynayıb, ancaq çempion olmayan yeganə kollektivdir.
![]()
Niderland yığmasının heyətinin dəyəri 804.20 milyon avrodur. Komandada Rayan Qravenberx, Yurren Timber, Kodi Qakpo, Donyell Malen kimi tanınmış adlar yer alır. Milliyə Ronald Kuman rəhbərlik edir.
“Narıncılar” mundiallarda:
50 oyun, 30 qələbə, 12 heç-heçə, 8 məğlubiyyət.
İsveç
Qrem Potterin rəhbərlik etdiyi yığma tarixində 13 dəfə mundiallarda iştirak edəcək. Dünya çempionatlarının mütəmadi iştirakçılarından olan İsveç yığmasının ən böyük uğuru 1958-ci ildə ikinci yeri tutmasıdır. Komanda sonuncu dəfə 2018-ci ildəki dünya çempionatında mübarizə aparıb və 1/4 finala qədər irəliləyib.
İsveç dünya çempionatlarına ev sahibliyi edən ilk Skandinaviya ölkəsidir. 1958-ci ildə gümüş medalla tamamlanan mundial məhz İsveçdə təşkil olunub. Braziliyalı əfsanəvi futbolçu Pelenin debüt etdiyi görüş 2:5 hesablı məğlubiyyətlə başa çatıb.
![]()
“Mavı-sarılar” ləqəbli komandanın dəyəri 406.08 milyon avrodur. Heyətdə Aleksander İsak, Viktor Qyökereş kimi ulduz hücumçular yer alır. İsveçin mundialdakı əsas qol ümidləri məhz bu oyunçulardır.
İsveç millisi mundiallarda:
51 oyun, 19 qələbə, 13 heç-heçə, 19 məğlubiyyət.
Yaponiya
Asiyanın “Mavi samurayları” mundiallara rəng qatan kollektivlərdəndir. 1998-ci ildən mütəmadi dünya çempionatlarında iştirak edən yaponlar dörd dəfə 1/8 final oynayıb.
![]()
Yaponiya millisi sonuncu mundialda – 2022-ci ildə qrup mərhələsində Almaniya və İspaniyanı məğlub edərək, lider kimi növbəti mərhələyə yüksəlib. Bu, ölkə tarixinin ən böyük qələbələrindən hesab edilir.
Komandanın mundiallardakı rekordçusu Yuto Naqatomo bu dəfə də heyətdə yer alır. O, dünya çempionatlarında 15 oyun keçirməklə bu göstəricidə birincidir.
Yaponiya millisinin heyətinin dəyəri 270.85 milyon avrodur. Futbolçuların böyük əksəri Avropanın TOP-5 çempionatlarında top qovur.
Yaponiya millisi mundiallarda:
25 oyun, 7 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət.
Tunis
Afrikanı təmsil edən “Qartac qartalları” yeddinci dəfə dünya çempionatlarında iştirak edəcək. Komanda ilk dəfə 1978 mundialında mübarizə aparıb. Buna qədər altı dəfə yarışlara qatılan Tunis yığması hələ qrup mərhələsindən çıxa bilməyib.
Tunislilərlə bağlı maraqlı fakt isə onların son dünya çempionuna qalib gəlmiş ilk Afrika komandası olmasıdır. “Qırmızılar” 2022-ci ildə Fransanı məğlub etməklə buna nail olub.
![]()
Tunisin heyətinin dəyəri 69.95 milyon avrodur. Komandanın bir çox futbolçusu İngiltərədə top qovur. “Bernli”də çıxış edən Hannibal isə heyətin ən dəyərli oyunçusudur.
“Qartac qartalları”
18 oyun, 3 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət.