Futbol üzrə Belçika milli komandasının yarımmüdafiəçisi Leandro Trossard İngiltərənin “Arsenal” klubundan ayrılaraq “Beşiktaş”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Transfer müqabilində “Arsenal”a ümumilikdə 18 milyon avro ödəniləcək. Bu məbləğ üç il ərzində altı bərabər hissə şəklində köçürüləcək. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Razılaşmada əlavə olaraq 1 illik uzatma opsiyası da nəzərdə tutulub. Müqavilənin şərtlərinə əsasən, Trossard hər mövsüm üçün 6,5 milyon avro zəmanətli əməkhaqqı alacaq.
Leandro Trossard Belçikanın “Genk” klubunun yetirməsidir. O, bu klubda olarkən “Lommel Yunayted”, “Vesterlo”, “Leuven” kimi klublarda icarədə də oynayıb. 2019-cu ildə “Brayton”a üz tutmuş yarımmüdafiəçi 2023-cü ildə məhz bu klubdan 24 milyon avro qarşılığında “Arsenal”a keçmişdi. Belçikalı futbolçu London təmsilçisinin heyətində 174 oyun keçirib, 36 qol və 34 məhsuldar ötürmə müəllifi olub.
Trossard 2020-ci ildə debüt etdiyi Belçika milli komandasının heyətində 57 oyuna çıxıb, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.