Normal view

Today — 24 June 2026Main stream

Luka Modriç millidə 200 oyun həddinə çatan 4-cü futbolçu oldu!

24 June 2026 at 12:00

Futbol üzrə Xorvatiya milli komandasının yarımmüdafiəçisi və kapitanı Luka Modriç yığma karyerasında növbəti tarixi nailiyyətə imza atıb.

Arena.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Panama millisinə qarşı keçirdikləri oyuna start heyətində çıxmaqla Xorvatiya yığmasının heyətində 200-cü matçını keçirib.

Bununla da Modriç milli komandalar səviyyəsində 200 oyun həddini aşan tarixdə cəmi dördüncü futbolçu olub.

Bu göstəricidə xorvatiyalı ulduzu yalnız üç futbolçu qabaqlayır:

Kristiano Ronaldo (Portuqaliya) – 230 oyun;
Bader Əl-Mutava (Küveyt) – 202 oyun;
Lionel Messi (Argentina) – 201 oyun.

Qeyd edək ki, DÇ-2026 Luka Modriçin karyerasında iştirak etdiyi beşinci dünya çempionatıdır. Mundial tarixində yalnız Kristiano Ronaldo və Lionel Messi altı dünya çempionatında iştirak ediblər.

Modriç 2018-ci ildə Rusiya mundialında Xorvatiya millisinin heyətində gümüş, 2022-ci ildə isə bürünc medal qazanıb. Həmin il o, həm də dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin yayından İtaliyanın “Milan” klubunun formasını geyinir. O, bundan əvvəl 13 il – 2012-ci ildən 2025-ci ilə qədər İspaniyanın “Real” (Madrid) klubunda çıxış edib.

Modriç Madrid təmsilçisinin heyətində 6 dəfə UEFA Çempionlar Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun və 5 dəfə ölkə Super Kubokunun qalibi olub. Xorvatiyalı futbolçu karyerası ərzində həmçinin İngiltərənin “Tottenhem” və Zaqrebin “Dinamo” klublarında da çıxış edib.

❌
❌