Normal view

Before yesterdayMain stream

Lamin Yamal – La Liqada noyabrın ən yaxşı oyunçusu!

7 December 2025 at 20:00

İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Yamal noyabrda “Barselona”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub, komandası isə bütün görüşlərdə qələbəyə sevinib.

İspaniyalı futbolçu səsvermədə Kilian Mbappe (“Real”), Antuan Qrizmann (“Atletiko”), Mikel Oyarsabal (“Real Sosyedad”) və Jerar Morenonu (“Vilyarreal”) geridə qoyub.

Bu, Yamalın La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, ötən mövsümdə, 2024-cü ilin sentyabr ayında da ən yaxşı seçilmişdi.

Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında isə “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 122 oyun, 33 qol və 43 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

❌
❌