“Bursaspor” azarkeşləri dünyaya səs salmağa hazırlaşır
”Bursaspor” azarkeşləri “Somaspor”la keçiriləcək taleyüklü matçda nəhəng xoreoqrafiya nümayiş etdirməyə hazırlaşırlar.
Futbolpress.az xəbər verir ki, “Nesine 2. Liqa”nın 33-cü həftəsində “Bursaspor” öz meydanında “Somaspor”u qəbul edəcək.
Aprelin 19-u, saat 16:00-da başlayacaq qarşılaşmada “yaşıl-ağlar” cəmi 1 xal qazanacağı təqdirdə çempionluğunu elan edərək “Trendyol 1. Liqa”ya yüksələcək.
Tarixi matç üçün “Teksas” azarkeş qrupu tərəfindən xüsusi hazırlıq görülüb. Stadionun böyük hissəsini əhatə edəcək şouda 40 min ədəd müxtəlif rəngli kartondan istifadə olunacaq. Xoreoqrafiyanın məzmunu sirr kimi saxlanılır. Hərəkətli mexanizmlərlə hazırlanan bu şounun Türkiyədə bir ilk olacağı bildirilir. Bursa futbol tarixində ilk dəfə olaraq xoreoqrafiya eyni vaxtda 3 fərqli tribunanı əhatə edəcək.
Azarkeş qrupunun rəhbərliyi bildirib ki, bu vizual şou ilə “Bursaspor”un böyüklüyünü bir daha bütün dünyaya sübut etmək niyyətindədirlər.