Harri Keyn: “Borussiya”nın yorulacağını bilirdik”
“Bayern”in mərkəz hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 24-cü turunda “Borussiya”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, Dortmundda baş tutmuş bu oyunda “Bayern” 3:2 hesablı əzmkar qələbəyə sevinib.
Münhen təmsilçisinin 32 yaşlı ingilis ulduzu bu qələbəni belə şərh edib:
“Çempionluq yürüşündə vacib oyunu qazandıq. Hesabda geri idik, amma öz oyunumuzu oynamağa davam etdik. “Borussiya”nın yorulacağını bilirdik. Təslim olmadıq”, deyə Keyn vurğulayıb.
Xatırladaq ki, Harri Keyn bu oyunda 1-i penaltidən olmaqla, 2 qol vurub.
“Bayern” 24 oyundan sonra 63 xalla Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb və ən yaxın təqibçisi, 52 xalla 2-ci pillədə qərarlaşmış Dortmund “Borussiya”sını 11 xal qabaqlayır. Müvafiq üstünlüyə rəğmən, “Bayern”in baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani Münhen komandasının arxayınlığa əsası olmadığı qənaəttindədir:
“Hazırda üstünlüyümz 11 xal təşkil edir, 88 qol vurmuşuq. Dayanmağa əsas nədir? Var qüvvəmizlə çalışmağa davam edirik. Arxayınlaşmaq olmaz!”, deyə Kompani vurğulayıb.
Yeri gəlmişkən, belçikalı keçmiş mərkəz müdafiəçisi, hazırda “Bayern”in baş məşqçisi olan 39 yaşlı mütəxəssis futbolda ən sevimli qəniməti ilə bağlı sualı cavablayıb:
“Mənim ən sevilmi qənimətim? “Mançester Siti” ilə ilk çempinluğumuz. Biz həmin qəniməti sonuncu turun sonuncu saniyələrində qazanmışdıq, Serxio Aqueronun qələbə qolunu vurması ilə… Deyərdim ki, bu, bütün müddət ərzində mənim ən sevimli qənimətimdir”.