Reading view

Vitor Pereyra “Nottingem Forest”dən ayrıldı

İngiltərənin “Nottingem Forest” klubu Premyer Liqa təmsilçisinin portuqal baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər müqavilədə nəzərdə tutulmuş xitam bəndini qarşılıqlı razılıq əsasında aktivləşdiriblər. 57 yaşlı portuqaliyalı mütəxəssislə yanaşı, onun bütün məşqçilər korpusu da klubdan ayrılıb.

Vitor Pereyra 2026-cı ilin fevralında “Nottingem Forest”in baş məşqçisi təyin olunmuşdu. O, qısa müddət ərzində komandanın nəticələrini yaxşılaşdırmağa nail olub.

Klubun rəsmi açıqlamasında deyilir:

“Vitor Pereyra və onun komandası böyük fədakarlıqla “Nottingem Forest”i təmsil etdilər. Onlar klubun Premyer Liqadakı yerini qorumasına, Avropa Liqasında yarımfinala yüksəlməsinə kömək etdilər və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırdılar. Onlara gördükləri işə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

“Nottingem Forest” 2025/2026-cı illər mövsümünü İngiltərə Premyer Liqasında 16-cı pillədə başa vuraraq elitadakı yerini qoruyub saxlayıb.

Pereyranın rəhbərliyi altında komandanın ən böyük uğuru isə Avropa Liqasının yarımfinalına yüksəlməsi olub. “Meşəçilər” bu mərhələdə İngiltərə derbisində “Aston Villa”ya uduzaraq finala vəsiqə qazana bilməyiblər. İlk oyunda 1:0 hesabı ilə qalib gəlmiş “Nottingem Forest”, cavab görüşündə Birmingemdə 0:4 hesablı məğlubiyyət alaraq mübarizəni dayandırıb.

Elliot Anderson “Mançester Siti”yə keçdi – Rekord məbləğə!

İngiltərənin “Nottingem Forest” klubunun mərkəz yarımmüdafiəçi Elliot Anderson bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Mançester klubunun rəsmi saytına istinadən xəbər verir.

Hazırda DÇ-2026-da İngiltərə millisinin heyətində yer almış 23 yaşlı futbolçu ABŞ-ın Kanzas şəhərində tibbi müayinədən uğurla keçib. Transferlə bağlı bütün hüquqi prosedurlar onun dünya çempionatındakı çıxışını başa vurduqdan və İngiltərəyə qayıtdıqdan sonra tamamlanacaq.

Britaniya mətbuatının yazdığına görə, 23 yaşlı yarımmüdafiəçi 135 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Bu keçid Andersonu həm “Mançester Siti” tarixinin, həm də Britaniya futbolunun ən bahalı transferinə çevirib. O, bu göstəricidə 2021-ci ildə 117 milyon avroya transfer olunmuş Cek Qrilişi və “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysı geridə qoyub.

Elliot Anderson “Nyukasl”ın yetirməsidir. O, bir müddət “Bristol Rovers”də də forma geyinib. İngilis yarımmüdafiəçi 2024-cü ildən “Nottingem Forest”də çıxış edirdi. Anderson “meşəçilər”in heyətində keçirdiyi dövrdə bütün turnirlər daxil olmaqla 92 oyunda meydana çıxıb. O, bu görüşlərdə 6 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Anderson hazırda İngiltərə millisinin heyətində DÇ-2026-da çıxışını davam etdirir. “Üç şirlər” 1/16 finalda Konqo Demokratik Respublikası üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/8 finala yüksəlib və növbəti mərhələdə Meksika ilə qarşılaşacaq. Elliot İngiltərə millisinin heyətində 13 oyuna çıxıb, 1 qol ötürməsi verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

❌