Reading view

Pyer Saj – “Kristal Pelas”ın yeni baş məşqçisi!

Fransalı futbol mütəxəssisi Pyer Saj İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müddəti daha bir mövsüm uzadılmaq şərtilə iki illik, 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Pyer Saj son olaraq Fransanın “Lans” komandasını çalışdırıb. Sözügedən komanda 2025/2026-cı illər mövsümündə Liqa 1-də ikinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin fransalı mütəxəssis İngiltərə klubundan aldığı təklifi müsbət dəyərləndirərək “Lans”dan ayrılıb. O, Liqa 1 təmsilçisini bir mövsüm ərzində 40 oyuna çıxarıb, 28 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət görüb. 47 yaşlı məşqçi daha öncə Lion “Olimpik”inə və “Şamberi”yə də rəhbərlik edib.

Saj “Kristal Pelas”ın “sükan arxası”nda avstriyalı futbol mütəxəssisi Oliver Qlasneri əvəz edib. Qlasner “Kristal Pelas”a Avropa Konfrans Liqasını, həmçinin İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazandırıb. O, klub tarixinin ən uğurlu məşqçisi olsa da, daha iddialı komanda çalışdırmaq arzusunda olduğu üçün “Kristal Pelas”ı tərk edib.

Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edirdi. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 121 oyuna çıxarıb, 53 qələbə, 33 heç-heçə və 35 məğlubiyyət görüb.

Avstriyalı mütəxəssis əvvəllər “Rid”, LASK, “Volfsburq” və “Ayntraxt”da da baş məşqçi kimi çalışıb.

❌