Reading view

Vitor Pereyra “Nottingem Forest”dən ayrıldı

İngiltərənin “Nottingem Forest” klubu Premyer Liqa təmsilçisinin portuqal baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər müqavilədə nəzərdə tutulmuş xitam bəndini qarşılıqlı razılıq əsasında aktivləşdiriblər. 57 yaşlı portuqaliyalı mütəxəssislə yanaşı, onun bütün məşqçilər korpusu da klubdan ayrılıb.

Vitor Pereyra 2026-cı ilin fevralında “Nottingem Forest”in baş məşqçisi təyin olunmuşdu. O, qısa müddət ərzində komandanın nəticələrini yaxşılaşdırmağa nail olub.

Klubun rəsmi açıqlamasında deyilir:

“Vitor Pereyra və onun komandası böyük fədakarlıqla “Nottingem Forest”i təmsil etdilər. Onlar klubun Premyer Liqadakı yerini qorumasına, Avropa Liqasında yarımfinala yüksəlməsinə kömək etdilər və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırdılar. Onlara gördükləri işə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

“Nottingem Forest” 2025/2026-cı illər mövsümünü İngiltərə Premyer Liqasında 16-cı pillədə başa vuraraq elitadakı yerini qoruyub saxlayıb.

Pereyranın rəhbərliyi altında komandanın ən böyük uğuru isə Avropa Liqasının yarımfinalına yüksəlməsi olub. “Meşəçilər” bu mərhələdə İngiltərə derbisində “Aston Villa”ya uduzaraq finala vəsiqə qazana bilməyiblər. İlk oyunda 1:0 hesabı ilə qalib gəlmiş “Nottingem Forest”, cavab görüşündə Birmingemdə 0:4 hesablı məğlubiyyət alaraq mübarizəni dayandırıb.

❌