Martin Dubravka rəsmən “Tottenhem”də!
“Börnli”nin 37 yaşlı slovakiyalı qapıçısı Martin Dubravka bundan sonra İngiltərənin digər klubu “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə London təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
37 yaşlı qolkiper iyulun 1-dən etibarən yeni komandasına qoşulacaq. Dubravka “Börnli” ilə müqaviləsinin başa çatmasının ardından “Tottenhem”ə azad agent statusunda keçib. Klub hələlik futbolçu ilə imzalanmış müqavilənin müddətini açıqlamayıb.
“Tottenhem”in yaydığı bəyanatda slovakiyalı qapıçının zəngin təcrübəsi xüsusi vurğulanıb: “Dubravkanın iyulun 1-də klubumuza qoşulacağını elan etməkdən məmnunuq. Premyer Liqada uzun illər yüksək səviyyədə çıxış etmiş təcrübəli Slovakiya millisinin qapıçısı yeni mövsüm öncəsi komandamızın qapıçı xəttini gücləndirəcək. Xoş gəlmisən, Martin”!
Karyerasına vətənində “Jilina” klubunda başlamış Dubravka sonradan Avropanın müxtəlif komandalarında çıxış edib. O, İngiltərə futbolsevərlərinə daha çox “Nyukasl”dakı uğurlu çıxışı ilə tanınır. Təcrübəli qolkiper 2018-ci ildə “Sparta”dan (Praqa) “Nyukasl”a keçmiş və uzun illər komandanın əsas qapıçısı olmuşdu.
Martin Dubravka 2022/23 mövsümünün ilk yarısında icarə əsasında “Mançester Yunayted”in də formasını geyinib. Daha sonra yenidən “Nyukasl”a qayıdan qapıçı 2025-ci ildə “Börnli”yə transfer olunmuşdu.
Slovakiyalı qolkiper peşəkar karyerası ərzində 600-dən çox rəsmi oyunda meydana çıxıb. O, İngiltərə Premyer Liqasında ümumilikdə 197 matç keçirib, 297 qol buraxıb və 51 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Dubravka Slovakiya millisinin də əsas simalarından biridir. O, milli komandanın heyətində indiyədək 60 qarşılaşmada iştirak edib, 72 qol buraxıb və 24 matçda “quru oyun” seriyasını qoruyub.