Reading view

Luka Vuşkoviç “Tottenhem”i “Brayton”a dəyişdi

Xorvatiya millisinin və “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviç bundan sonra İngiltərənin digər klubu “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb. “Brayton” Vuşkoviçin transferi üçün “Tottenhem”ə 54 milyon avro ödəyib. Həmçinin əlavə bonus ödənişləri hesabına transfer paketinin ümumi məbləğinin 50 milyon funt sterlinqi (58,5 milyon avro) keçəcəyi vurğulanır.

Luka Vuşkoviç Xorvatiyanın “Hayduk” klubunun yetirməsidir. Gənc mərkəz müdafiəçisi karyerası ərzində “Radomyak”, “Vesterlo” kimi klublarda da çıxış edib. “Tottenhem” onu 2025-ci ildə “Hayduk”dan 11 milyon avroya transfer etmişdi. Amma xorvat futbolçuya London klubunun əsas komandasında debüt qismət olmayıb. Buna onun ötən mövsümü Almaniyanın “Hamburq” komandasında icarədə keçirməsidir. Vuşkoviç Bundesliqa təmsilçisinin heyətində 36 oyuna çıxıb, 6 qol vurub, 1 assist müəllifi olub.

Vuşkoviç 2025-ci ildə debüt etdiyi Xorvatiya millisinin heyətində 6 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Brayton” 34 yaşlı niderlandlı sağ cinah müdafiəçisi Yoel Veltmanla da vidalaşıb. Veltmanın gedişi azad agent qismində gerçəkləşib. Veteran futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır. Son məlumata görə, Veltmanla “Ayaks” və PSV klubları maraqlanır.

Radu Draquşin “Fiorentina”da

İngiltərənin “Tottenhem” klubunun rumıniyalı mərkəz müdafiəçisi Radu Draquşin bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Klublar arasındakı razılaşmaya əsasən, Rumıniya millisinin 23 yaşlı futbolçusu 2026/2027-ci illər mövsümünü Florensiya təmsilçisində icarə əsasında keçirəcək. Müqavilədə mövsümün sonunda futbolçunun transfer hüquqlarının məcburi satın alınmasını nəzərdə tutan bənd də yer alıb. Keçid Florensiya təmsilçisinə 1,5 milyon avro məbləğ müqabilində başa gəlib.

Draquşin 2024-cü ilin yanvarında “Cenoa”dan “Tottenhem”ə transfer olunmuşdu. O, London klubunun heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Rumın futbolçu karyerası ərzində “Cenoa”, “Tottenhem”, “Yuventus”, “Sampdoriya” və “Salernitana”da çıxış edib.

Rumıniya millisinin əsas heyət üzvlərindən olan müdafiəçi yığmanın formasını isə indiyədək 30 dəfə geyinib, 1 qol vurub.

❌