Azər Həşimov “Karvan-Yevlax”dan Əmək Müfəttişliyinə şikayət edib – Müqavilə bağlarkən aldadılıb
“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovla problemləri bitmir ki, bitmir.
Yevlax klubunun rəhbərliyi bir müddət öncə Həşimovu istefaya göndərsə də, onunla qarşılıqlı razılıq əldə edə bilməmişdi. Həşimov müqaviləyə əsasən bütün alacağı məvacibi (20 000 manat) tələb edir, klub isə bunu ödəmək istəmir.
Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin may ayına qədər idi. “Karvan-Yevlax” Həşimovla müqaviləyə rəsmi olaraq xitam verə bilmədiyi üçün yeni baş məşqçisi Füzuli Məmmədovun da təyinatını rəsmən açıqlamayıb. Hətta PFL-in rəsmi saytında belə, komandanın baş məşqçisi kimi Həşimov göstərilib.
Komanda.az-ın əldə etdiyi məlumata görə, müqaviləsinə birtərəfli xitam verildiyinə görə, keçmiş baş məşqçisi “Karvan-Yevlax”dan Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edib. Məsələ təkcə bu da deyil.
Yevlax klubunun Həşimovu müqavilənin müddəti ilə bağlı aldatdığı da deyilir. Komanda bu il Premyer Liqaya yüksəldikdən sonra Həşimov klubda əmək fəaliyyətinə iyun ayından başladığı halda, müqavilənin bağlanması sentyabr ayından göstərilib. Klubun belə addım atdığı sübut olunsa, Yevlax təmsilçisi cərimə olunacaq.
“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasında keçirdiyi 15 oyundan sonra 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
The post Azər Həşimov “Karvan-Yevlax”dan Əmək Müfəttişliyinə şikayət edib – Müqavilə bağlarkən aldadılıb appeared first on Komanda.az.