Reading view

Kərim Adeyemi sevgilisinə görə “Borussiya”dan ayrılır

Futbol üzrə Almaniya yığma komandasının sol cinah hücumçusu Kərim Adeyemi sevgilisinə görə Dortmund “Borussiya”sından ayrıla bilər.

Arena.az bu barədə Almaniya mətbuatına istinadən xəbər verir.

İddia olunur ki, Adeyeminin sevgilisi, 30 yaşlı kosovolu repçi Loredana Zefi Rur bölgəsində darıxır. Kərim isə sevgilisinin könlünü almaq üçün Dortmund klubundan ayrlmaq niyyətindədir.

Vurğulanır ki, məşuqə özü bu barədə aşiqindən xahiş edib, Adyemi də agentinə, Loredananın tələblərinə cavab verəcək coğrafi bölgədə klub axtarmağı tapşırıb.

Kərim Adeyemi futbola “TSV Forstenrid” klubunda qədəm qoyub. Ardınca Adeyemi “Bayern”, “Unterhaxinq” və “Zalsburq”un futbol məktəblərini dolaşıb və 2018-ci ildə elə, “Zalsburq”la da böyük futbolda debüt edib. 2018-2020-ci illərdə Adeyemi “Liferinq”də icarə əsasında çıxış edib. “Borussiya” “Adeyemi”ni 2022-ci ilin iyulunda 30 milyon avro məbləğ müqabilində “Zalsburq”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Adeyeminin Dortmund klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Adeyemi cari mövsümdə “Borussiya”nın heyətində bütün yarışlara 21 oyuna 6 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Adeyeminin Dortmund komandasının heyətində çıxışının ümumi mənzərəsi isə 128 oyun, 32 qol və 22 məhsuldar ötürmədən ibarətdir.

Kərim Adeyemi 2021-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Kərim Adeyeminin qənimətlər muzeyində “Zalsburq”la Avstriya çempionluğu (3 dəfə) və Avstriya Kuboku (3 dəfə) var. 2021/2022-ci illər mövsümündə Adeyemi 19 qolla Avstriya Bundesliqasının qalibi olub. Həmçinin Adeyemi Almaniyanın U-21 yığması ilə 2021-ci ili Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

❌