Reading view

Xavi Qalan “Atletiko”nu “Osasuna”ya dəyişdi

Madrid “Atletiko”sunun ispaniyalı sol cinah oyunçusu Xavi Qalan bundan sonra La Liqanın digər təmsilçisi “Osasuna”da çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

Cinah müdafiəçisi 2025/2026-cı illər mövsümünün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Xavi Qalan “Atletiko”ya 2023-cü ilin iyul ayında “Selta”dan keçib. 30 yaşlı ispan futbolçunun Madrid klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. O, ötən mövsümün ikinci dövrəsini “Real Sosyedad”da icarədə keçirib (18 oyun, 1 assist). Cari mövsümdə isə müdafiəçi “Atletiko”nun heyətində cəmi 7 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Qalanın “Atletiko”nun heyətindəki çıxışı ümumilikdə 56 oyun və 7 məhsuldar ötürmədən ibarətdir.

Xavi Qalan daha öncə “Selta”, “Kordoba” və “Hueska”da da forma geyinib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Dieqo Simeno “Atletiko”nu bu kluba dəyişmək istəyir

Madrid “Atletiko”sunun baş məşqçsi Dieqo Simeone İspaniya klubundn ayrılandan sonra çalışdırmaq istədiyi komandanı açıqlayıb.

Arena.az argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, yalnız məndən asılı deyil, amma özümün məşqçilik karyerasında təsəvvür edə bilərəm ki, nə vaxtsa “İnter”in çalışdıracağam. Düşünürəm, bu, nə vaxtsa baş verəcək”, deyə Simeone vurğulayıb.

Yeri gəlmişkən, “İnter”in italiyalı keçmiş müdafiəçisi Marko Materatsi cari mövsümün İtaliya çempionluğu uğrunda mübarizəni qiymətləndirib:

“Hər şeyə rəğmən, fikrimcə, “İnter” skudetto uğrunda mübarizəyə və avrokuboklarda tərəqqiyə daha çox hazırlıqlıdır”, deyə Materatsi vurğulayıb.

Xatırladaq ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından “Atletiko”ya rəhbərlik edir. 55 yaşlı mütəxəssis indiyə qədər paytaxt təmsilçisini 763 oyuna çıxarıb, 453 qələbə, 163 heç-heçə, 147 məğlubiyyət görüb.

Simeone əvvəllər “Rasinq Klub”, “Estudiantes”, “River Pleyt”, “San Lorenso”, “Kataniya” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Sonda onu da qeyd edək ki, “İnter”ə hazırda Kristian Kivu rəhbərlik edir.

“Atletiko”da Nikolas Qonsales şoku

İspaniyanın “Atletiko” (Madrid) klubunun argentinalı sol vingeri Nikolas Qonsales bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

Buna müdafiəçinin “Jirona”ya 3:0 hesabı ilə qalib gəldikləri La Liqa oyununda zədələnməsi səbəb olub. Argentinalı oyunçunun İspaniya Super Kuboku uğrunda görüşdə meydana çıxmayacağı dəqiqdir. Amma onun daha uzun müddət yaşıl meydanlardan kənarda qalması istisna edilmir.

Qeyd edək ki, Niko Qonsales cari mövsümdə Madrid təmsilçisinin heyətində 21 oyunda iştirak edib və 1 qol vurub. Müqavilə ilə İtaliyanın “Yuventus” klubuna məxsus olan futbolçu “Atletiko”da bu mövsümün sonunadək icarədə olacaq.

Nikolas Qonsales “Arxentinos Xuniors” klubunun yetirməsidir. “Ştutqart” və “Fiorentina”da da oynamış argentinalı futbolçu 2024-cü ildən “Yuventus”da çıxış edir. O, Turin klubunun heyətində 40 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

2019-cu ildə Argentina yığmasında debüt etmiş Qonsales, millinin heyətində meydana çıxdığı 48 oyunda 6 qola imza atıb, 6 məhsular ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

❌