Reading view

Evann Gessan “Aston Villa”nı “Kristal Pelas”a dəyişdi

“Aston Villa”nın 24 yaşlı ivuarlı mərkəz hücumçusu Evann Gessan bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Kristal Pelas”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Sözügedən klub futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Transferin maliyyə detalları açıqlanmayıb.

Xatırladaq ki, “Aston Villa” Gessanı 2025-ci ilin yayında “Nitsa”dan (Fransa) 30 milyon avro müqabilində tamhüquqlu əsasda “şirlər”in heyətinə qatmışdı. O, sözügedən komandanın heyətində 21 oyuna çıxıb və cəmi 2 qolla yadda qalıb.

Evann Gessan “Nitsa”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Lozanna” (icarə) və “Nant”da (icarə) çıxış edib.

Evann Gessan 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 19 oyuna 3 qolla fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Yasin Özcan “Aston Villa”nı “Beşiktaş”a dəyişdi

İngiltərənin “Aston Villa” komandasının mərkəz müdafiəçisi Yasin Özcan bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə klubu 19 yaşlı futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Mərkəz müdafiəçisi artıq yeni komandası ilə ilk məşqinə də çıxıb.

Xatırladaq ki, “Aston Villa” Yasin Özcanı 2025-ci ilin yayında “Kasımpaşa”dan 7 milyon avroya transfer edib. Türkiyənin U-21 millisinin üzvü mövsmün ilk yarısında icarə əsasında “Anderlext”in formasını geyinib. O, Belçika klubunun heyətində cəmi 6 oyun keçirib. Yasinə “Aston Villa”nın əsas komandasında debüt şansı qismət olmayıb.

“Kasımpaşa”nın yetirməsi olan Yasin Özcan ölkəsinin U-16, U-17 və U-21 yığmalarında oynayıb. O, 2015-ci ildə əsas millidə də 1 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Temmi Abraham “Beşiktaş”ı “Aston Villa”ya dəyişdi

Türkiyənin “Beşiktaş” komandasının hücumçusu Temmi Abraham bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

“Beşiktaş” bu transferdən 21 milyon avro gəlir əldə edib. Abraham İngiltərə klubu ilə 2030-cu ilin 30 iyununadək müqavilə bağlayıb.

Xatırladaq ki, “Beşiktaş” Temmi Abrahamı 2025-ci ilin yayında İtaliyanın “Roma” klubundan icarəyə götürmüşdü. Türkiyə klubu bir mövsümlük icarə üçün “canavarlar”a 2 milyon avro ödəmişdi. Bu ilin əvvəlində isə İtaliya klubuna daha 13 milyon avro ödəmiş “Beşiktaş” Abrahamın transfer hüquqlarına da yiyələnmişdi.

Temmi Abraham “Beşiktaş”ın heyətində 26 oyun keçirib, 13 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Temmi “Çelsi”nin yetirməsidir. “Bristol Siti”, “Suonsi Siti”, “Aston Villa”, “Roma”, “Milan”, “Aston Villa” kimi klublarda da oynamış hücumçu 2017-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasında da 11 matç keçirib, 3 qol vurub, 1 assist edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.

❌