Reading view

Aleksandr Zinçenko “Ayaks”da

Futbol üzrə Ukrayna milli komandasının və “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko bundan sonra “Ayaks”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Niderland klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Ayaks” 28 yaşlı futbolçunu 1,5 milyon avro müqabilində transfer edib. Ukraynalı müdafiəçi Amsterdam təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək anlaşıb.

Xatırladaq ki, Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçmişdi. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə idi.

Zinçenko “Arsenal”ın heyətində 91 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Ukraynalı futbolçu cari mövsümün ilk dövrəsini İngiltərənin “Nottingem Forest” klubunda keçirib. O, meydana çıxdığı 10 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”, “Ufa”, PSV kimi klublarda da çıxış edib.

Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.

Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 75 oyun keçirib, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Zinçenkonu 15 milyon avro məbləğində qimətləndirir.

❌