Reading view

Cek Qriliş cari mövsümü erkən başa vurdu

“Everton”un ingiltərəli sol cinah hücumçusu Cek Qriliş aldığı ciddi zədə səbəbindən 2025/2026-cı illər mövsümünün sonunadək oynamayacaq.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

30 yaşlı futbolçu bir müddət əvvəl zədə almış və müalicəsinə start verilmişdi. Həmin vaxt oyunçunun bir neçə ay oynaya bilməyəcəyi vurğulanırdı. Lakin həkimlər sonradan onun əməliyyat olunmasına ehtiyac duyublar. Ayaq sümüyündə sınıq aşkarlanmış Qrilişin bu əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçməsi gözlənilir. Onun cari mövsümdə bir daha meydana çıxmayacağı dəqiqləşib. O, ən yaxşı halda yayda məşqlərə başlayacaq.

Xatırladaq ki, Qriliş cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən “Everton”a icarəyə verilib. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Cek Qriliş “Aston Villa”nın məzunudur. Futbolçu həmçinin “Notts Kaunti” (icarə) və “Mançester Siti”də çıxış edib. “Mançester Siti” Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan 117,5 milyon avro məbləğ müqabilində “şəhərlilər”in heyətinə qatıb.

Ümumilikdə Qriliş “Mançester Siti” üçün 157 oyuna çıxıb, 17 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Cek Qriliş 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 39 oyuna 4 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

❌