Reading view

Qravenberx “Liverpul”la daha çox qənimət qazanmaq istəyir

“Liverpul”un 23 yaşlı niderlandlı dayaq yarımmüdafiəçisi Rayan Qravenberx “qırmızılar”ın düşərgəsindəki hədəflərini açıqlayıb.

Arena.az niderlandlı futbolçunun müvafiq fikrini təqdim edir:

“Yaxınmüddətli mənzərədə hədəfim – cari mövsümü mümkün olduqca yaxşı başa vurmaqdır. Uzunmüddətli mənzərədə isə – “Liverpul”la daha da çox qənimətlər qazanmaqdır”, deyə yarımmüdafiəçi vurğulayıb.

Xatırladaq ki, Rayan Qravenberx futbola “Zebyurgiya” klubunda qədəm qoyub və buradan Niderland nəhəngi “Ayaks”ın düşərgəsinə yol taparaq, böyük futbolda debüt edib. Ardınca “Bayern”ə keçmiş Qravenberxi 2023-cü ilin sentyabrında “Liverpul” 40 milyon avro məbləğ müqabilində “qırmızılar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Futbolçu cari mövsümdə “Liverpul”un heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ilə yadda qalıb.

Qravenberxin “qırmızılar” üçün çıxışının ümumi mənzərəsi isə 123 oyun, 8 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Qravenberx 2021-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 24 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rayan Qravenberxin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (3 dəfə) və Niderland Kuboku (2 dəfə), “Bayern”lə Almaniya Bundesliqası çempionluğu və Almaniya Super Kuboku, “Liverpul”la İngiltərə çempionluğu və İngiltərə Liqa Kuboku var. Həmçinin Qravenberx Niderlandın U-17 yığması ilə Avropa çempionu (2018) olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin trasnfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

❌