Azərbaycan millisi Syerra Leoneyə qalib gəldi, çempion oldu
Futbol üzrə Azərbaycan millisi bu gün ölkəmizdə keçirilən “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində son oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ikinci matçında Syerra Leone yığması ilə qarşılaşıb.
Sumqayıtda keçirilmiş görüşü Özbəkistandan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, millimiz bu turnirdəki ilk oyununda Sent Lüsiya yığması ilə qarşılaşmışdı. Eyni məkanda baş tutmuş görüşdə komandamız 6:1 hesablı qələbəyə sevinmişdi.
Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib. Çünki Oman yığması Bakıya gəlməkdən imtina etdiyi üçün, Afrika təmsilçisinin martın 27-də keçirilməli olan ilk görüşü baş tutmamışdı.
Bu dəfəki görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrini daha dəqiq yerinə yetirmiş Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravali və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdes Ceyms iştirak ediblər.
FİFA Series-2026
30 mart
Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Baş hakim: Asker Nacafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuca Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev (Hakimlər briqadası Özbəkistandandır).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycan: 12. Aydın Bayramov, 3. Elvin Cəfərquliyev (24. Rüstəm Əhmədzadə, 89), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (20. Rəhim Sadıxov, 46), 9. Renat Dadaşov (7. Toral Bayramov, 63), 10. Aleksey İsayev (26. Ayxan Hüseynov, 89), 13. Emil Səfərov (6. Abdulla Xaybullayev, 80), 14. Elvin Bədəlov (4. Rahil Məmmədov, 46), 15. Bədavi Hüseynov, 21. Qismət Alıyev (17. Vüsal İsgəndərli, 46), 22. Musa Qurbanlı (11. Xəyal Əliyev, 46).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 16. Ceyhun Nuriyev, 18. Cəlal Hüseynov, 19. Mustafa Əhmədzadə, 25. Abdulla Rzayev.
Baş məşqçi: Ayxan Abbasov.
Syerra Leone: 25. Mamadu Jallo, 4. Alfa Kabia (7. Kvame Que, 83), 5. Alfa Turay, 9. Amadu Bakayoko (24. Cey Kamara, 86), 11. Sullay Kaikai (k), 13. Jarjue Kabia, 14. İdris Kanu (12. Nataniel Jallo, 71), 15. Daniel Kanu (17. Samuel Qandi, 71), 16. İssa Kallon, 21. Juma Bah, 22. Kamil Konte (8. Alhassan Koroma, 71).
Ehtiyat oyunçular: 1. Alhaci Sesay, 23. Fransis Koroma, 2. Santiqi Fornah, 18. Sallieu Taravelli, 19. Emmanuel Samadia.
Baş məşqçi: Məhəmməd Kallon.