Demirel: “Məni Volkan edən Aziz Yıldırım oldu”
”Gənclərbirliyi”nin baş məşqçisi Volkan Demirel “TRT Spor”a müsahibə verib.
Futbolpress.az xəbər verir ki, o həm futbolçuluq karyerası, həm də ona qoyulan ləqəblər barədə səmimi və maraqlı etiraflar edib.
Təcrübəli mütəxəssis illərdir azarkeşlər arasında müzakirə olunan ləqəbi ilə bağlı kompleksinin olmadığını bildirib:
”Mənə “Fənərbaxça”nın bazasında “Dayı”, kənarda isə “Ayı” deyirdilər. Bəlkə də, insanlara qəribə gəlir, amma qızlarımın ən sevdiyi oyuncaq ayıdır. Hətta qızımın bir oyuncaq ayısı var, adını da Volkan qoyub. Mən ayı olmaqdan və ayı kimi görünməkdən çox xoşbəxtəm. Çünki ayı çox güclü bir heyvandır”.
Demirel “Fənərbaxça”nın sabiq və indiki prezidentləri barədə də danışaraq, onlara olan ehtiramını ifadə edib:
“Məni “Volkan” edən insan Aziz Yıldırımdır. Onu həmişə atamın yerinə qoyuram. Ali Koç da eyni şəkildədir. Biri mənim üçün atamdırsa, digəri böyük qardaşımdır”.
Keçmiş qapıçı karyerası ərzində buraxdığı saysız-hesabsız qollar arasında ən çox yadında qalan 3 böyük səhvini xüsusi qeyd edib:
“Karyeramda çox gözəl qollar buraxmışam, amma ağlımda qalanlar həmişə səhvdən buraxdığım qollardır. Üçünü heç unuda bilmirəm: “Kasımpaşa” ilə matçda öz qapıma vurduğum, Edu ilə toqquşduğumuz epizodda “Qalatasaray”dan, və İtaliya millisindən buraxdığım qol”.