“Barselona” və “Mançester Siti”nin transfer savaşı
”Barselona” “Palmeyras”ın 16 yaşlı vunderkindi Eduardo Konseysaonu heyətinə qatmaq üçün “Mançester Siti” ilə gərgin rəqabətə girib.
Futbolpress.az xəbər verir ki, əvvəllər Endrik, Estevao Villian və Rayan kimi cənubi amerikalı istedadları rəqiblərinə əldən verən “Barselona” bu dəfə eyni ssenarini yaşamaqdan çəkinir.
İspaniyanın “AS” nəşrinin məlumatına görə, klub gənc ulduzla bağlı danışıqları maksimum dərəcədə sürətləndirib və ildırımsürətli həmlə edib.
Hücumameyilli yarımmüdafiəçi məşhur “Kopinya” turnirində keçirdiyi 7 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə Avropa nəhənglərinin diqqətini çəkib. Lakin “Barselona”nın skautları onu bu turnirdəki partlayışından çox əvvəl də izləyirdi.
Gənc futbolçunun 2029-cu ilin yanvarınadək qüvvədə olan müqaviləsində 100 milyon avroluq sərbəstqalma bəndi mövcuddur. Lakin “Palmeyras”ın bu məbləğin yarısına – yəni sabit ödənişlər və bonuslar da daxil olmaqla 50 milyon avroya bu transferə razılıq verəcəyi bildirilir.