Reading view

Davit Volkov Premyer Liqada 60-cı qolunu vurdu

Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurduğu qol Davit Volkov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, gürcüstanlı legioner bu turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

Azərbaycan çempionatında 2018/2019-cu illər mövsümündə debüt etmiş Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda) qol vurub. O, “Sabah”da 16 (63 oyunda) qola sevinib. Gürcü futbolçu “Zirə”də də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vurmuş 31-ci futbolçudur.

Xatırladaq ki, 2022-ci ilin yayında məhz “Zirə”dən “Sabah”a keçmiş Davit Volkov 2024-cü ildə yenidən qəsəbə təmsilçisinin düşərgəsinə qayıdıb. 30 yaşlı futbolçunun “Zirə” ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

“Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da bu komandanın şərəfini qoruyub. O, “qartallar”ın heyətində bütövlükdə 135 oyun keçirib, 45 qol və 22 məhsuldar ötürmə müəllifi olub.

Gürcü oyunçu daha öncə Azərbaycanda “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) və “Sabah”da (71 oyun, 19 qol, 7 assist) forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 7 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

❌