Reading view

Vüsal İsgəndərli “Flamurtari”yə qol vura bilmədi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 79-cu dəqiqəsində əvəzlənib.

“Partizani” 34 turdan sonra 45 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda 34 oyunda 12 qələbə qazanıb, 9 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

❌