Reading view

Alfonso Deyvis növbəti dəfə sıradan çıxdı

Futbol üzrə Almaniya çempionatının qalibi olmuş “Bayern”in mərkəz müdafiəçisi Alfonso Deyvis yenidən zədələnərək sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani məlumat verib.

O, kanadalı futbolçunun UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə qarşı keçirdikləri cavab oyununda (1:1) əzələ zədəsi aldığını açıqlayıb.

Alfonso Deyvis Bundesliqada “Volfsburq”a qarşı keçirdikləri sonuncu matçı buraxıb. Klub hələlik yekun diaqnozu açıqlamayıb və tibbi müayinənin nəticələrini gözləyir. Oyunçuda əzələ yırtığı aşkarlansa, o zaman futbolçu yalnız Bundesliqada cari mövsümün sonuncu turu çərçivəsində baş tutacaq “Köln”lə qarşılaşmanı yox, həm də Almaniya Kubokunun “Ştutqart”la final matçını da buraxa bilər. “Köln”lə oyun mayın 16-da, “Ştutqart”la görüş mayın 25-də keçiriləcək.

Xatırladaq ki, bu, 25 yaşlı futbolçunun 2025-ci ilin dekabrında meydanlara qayıtdıqdan sonra aldığı üçüncü əzələ zədəsidir. O, bundan əvvəl çarpaz bağlarını qopardığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı.

“Bayern” rəhbərliyində Deyvisin əvvəlki formasına qayıda bilməməsi ilə bağlı narahatlığın artdığı bildirilir. Bu üzdən kanadalı futbolçunun Münhen təmsilçisini tərk etməsi də istisna edilmir.

❌