Reading view

Jali Muaddib “Qarabağ”a gəlir – Təsdiqləndi

Kiprin “Omoniya” (Aradipu) klubunun fransalı sol vingeri 2025/2026-cı illər mövsümündən “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bunu Kipr klubunun baş meneceri Giorgos İrakleus təsdiqləyib.

O, “Sport FM” radiosuna açıqlamasında bəyan edib ki, fransalı vingerlə Ağdam klubu arasında tam razılıq əldə olunub:

“Muaddibin “Qarabağ”la əvvəlcədən razılaşması var və gələn il bizimlə olmayacaq. Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona müraciət etdiyini, lakin liqada qalmaq üçün komandaya sona qədər kömək edəcəyini demişdi. Soyunma otağında hamımız bir ailə kimi idik və bu, liqada qalmağımıza kömək etdi”.

Baş menecer Muaddibin transferindən maliyyə qazancı olub-olmayacağı sualını da cavablandırıb: “Onun müqaviləsində kiçik bir bənd var. Amma biz klub olaraq gələn mövsüm üçün riskə getmirik”.

Qeyd edək ki, Muaddibin “Omoniya” ilə sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 25 yaşlı futbolçu bu mövsüm Kipr klubunun heyətində 31 oyuna 4 qol vurub, 7 qol ötürməsi edib.

Jali Muaddib karyerası ərzində “Botoşani” (54 oyun, 3 qol, 4 assist) və “Avranş” (17 oyun, 2 qol, 1 assist) klublarının da şərəfini qoruyub, “Anje” və “Lill”in B komandalarında forma geyinib.

Muaddib Fransanın U-19 yığmasının heyətində 3 oyuna 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 375 min avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Qarabağ”ın bu mövsümün sonunda sol vingeri Abdullah Zubirlə vidalaşması gözlənilir. Fransalı futbolçunun Ərəbistana üz tutacağı iddia edilir. Böyük ehtimalla, Ağdam klubu Muaddibi də məhz həmyerlisini əvəz etmək üçün transfer etməyə çalışır.

❌