İbrahim Mbaye – DÇ-də qol vuran ən gənc afrikalı futbolçu!
DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Fransa yığmasına qol vuran Seneqal milli komandasının üzvü İbrahim Mbaye tarixə düşüb.
Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.
Belə ki, o, dünya çempionatlarında qol vurmuş ən gənc afrikalı futbolçu olub. Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.
Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.
İbrahim Mbaye Fransa nəhəngi PSJ-nin şərəfini qoruyur. 18 yaşlı futbolçu 2018-ci ildən Paris klubunun sistemindədir. İstedadlı vinger PSJ-nin əsas komandasında indiyə qədər 42 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.
İbrahim vaxtilə Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında oynasa da, 2025-ci ildən Seneqalın əsas millisində forma geyinir. Yeniyetmə futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.