Dani Sebalyos “Real”a bu sözlərlə vida etdi
İspaniyalı yarımmüdafiəçi Dani Sebalyos sosial şəbəkə hesablarında Madrid “Real”ı ilə vidalaşdığı emosional paylaşım edib.
Arena.az xəbər verir ki, 9 il Madrid klubunun sistemində çıxış edən 29 yaşlı futbolçu azad agent statusunda komandadan ayrılıb.
Sebalyos paylaşımında klubu tərk etmək qərarının asan olmadığını bildirib və rəhbərliyə, komanda yoldaşlarına, klub əməkdaşlarına, eləcə də azarkeşlərə təşəkkür edib.
“Doqquz ildən sonra həyatımın ən vacib fəsillərindən birini bağlamağın vaxtı çatdı. Bu, asan qərar olmadı. Bu il də asan keçmədi və bəlkə də məhz buna görə bu səhifəni bağlamağın və buraya gəldiyim ilk gündəki həvəslə yeni çağırışı qəbul etməyin vaxtının çatdığını hiss etdim.
Mənə dünyanın ən böyük emblemini daşımaq və uzun illər ərzində ən yaxşılardan öyrənmək imkanı yaratdığı üçün “Real”a təşəkkür edirəm. Bu formanı geyindiyim, futbolçu və insan kimi inkişaf etdiyim, həmişə xatırlayacağım uğurlarla dolu bir tarixin parçası olduğum üçün qürur duyuram”, – deyə Dani Sebalyos yazıb.
Futbolçu həmçinin klub prezidenti, məşqçilər, komanda yoldaşları və əməkdaşlara minnətdarlığını ifadə edib.
“Ən əsası isə “Real” azarkeşlərinə təşəkkür edirəm. Şərtsiz dəstəyinizə, yüksək tələblərinizə, ən xoşbəxt anları mənimlə bölüşdüyünüzə və ən çətin günlərdə yanımda olduğunuza görə sizə minnətdaram. Sevginiz mənim üçün çox böyük məna daşıyırdı. Bunu sözlərlə ifadə etmək mümkün deyil və bu hiss mənimlə əbədi qalacaq.
Bu emblem uğrunda əlimdən gələni etdiyim, bu rəngləri qürurla və bütün qəlbimlə qoruduğum hissi ilə ayrılıram. “Real” həmişə mənim bir parçam olacaq və mən hər zaman minnətdar qalacağam. Ürəkdən təşəkkür edirəm. Hala Madrid”, – deyə ispaniyalı yarımmüdafiəçi qeyd edib.
Xatırladaq ki, Dani Sebalyos 2017-ci ilin yayında “Betis”dən “Real”a transfer olunmuşdu. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 215 rəsmi oyunda 7 qol vurub, 16 məhsuldar ötürmə edib və komanda ilə birlikdə 14 nüfuzlu titul qazanıb. Bu titullar arasında üç UEFA Çempionlar Liqası kuboku da var.