Reading view

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

❌