Reading view

Kevin Medina “Qarabağ”a bu sözlərlə vida etdi

Dünən “Qarabağ”dan ayrıldığı rəsmən açıqlanmış kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina Azərbaycan klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır. Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram. “Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”

Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

Nagelsman və Advokat tarixə düşdülər, Kurasao rekordçu oldu

DÇ-2026-nın qrup mərhələsinin Almaniya – Kurasao matçı baş məşqçilər Yulian Nagelsman və Dik Advokat üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, sözügedən komandaların Hyustonda (ABŞ, Texas) baş tutmuş görüşündə almanlar 7:1 hesablı qələbəyə seviniblər.

Almanların baş məşqçisi Yulian Nagelsmanla Kurasao millisinə rəhbərlik edən Dik Advokat isə dünya çempionatlarının tarixinə düşüblər. Belə ki, Nagelsman mundiallarda meydana komanda çıxarmış ən gənc, Advokat isə ən yaşlı baş məşqçi olub. Oyun günündə Nagelsman 38 yaş 326-cı günlük, Advokat isə 78 yaş 260 günlük olub.

Dünya çempionatlarında debüt edən Kurasao millisi də dünya çempionatında yeni rekord müəyyənləşdirib. Belə ki, sözügedən milli dünya çempionatlarında əhali sayına və ərazi sahəsinə görə qol vuran ən kiçik ölkənin komandası olub və İslandiyaya məxsus rekordu yeniləyib. Kurasao millisinin yeganə qolunu 21-ci dəqiqədə Livano Komenensiya vurub.

Qeyd edək ki, daha əvvəl bu rekord İslandiya yığmasına məxsus idi. Təxminən 350 min əhalisi olan ölkənin komandası DÇ-2018-də fərqlənmişdi. Kurasaonun ərazisi 444 kvadratmetr, əhalisinin sayı isə 186 min nəfərdir. Bir sözlə, bu ölkənin ərazisi təxminən Bakı şəhərinin yarısından da kiçikdir. Əhalisinin sayı isə təxminən Azərbaycanın orta ölçülü rayonlarından biri qədərdir.

❌