Reading view

Rudi Qarsiya: “Misirə qalib gələ bilərdik”

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsinin ilk turunda Misirə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sietldə (ABŞ, Vaşinqton) baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Rudi Qarsiya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünya çempionatı kimi turnirin ilk oyunu həmişə çətin olur, xüsusilə də Misir kimi Afrikanın ən güclü yığmalarından birinə qarşı oynayanda. Vacib olan odur ki, biz təslim olmadıq. Ehtiyatdan meydana daxil olan futbolçunun sayəsində hesabı bərabərləşdirə bildik və bu, bütün komandanın nə qədər vacib olduğunu göstərir. Bu, iki çox yaxşı milli komanda arasında baş tutan əla bir oyun idi. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq. Fikrimcə, qələbə də qazana bilərdik”.

Misir yığmasının baş məşqçisi Hossam Hassan da heç-heçədən sonra komandasının oyununu yüksək qiymətləndirib:

“Futbolçularımla fəxr edirəm. Son iki il ərzində üzərində çalışdığım taktiki ideyaları meydanda necə həyata keçirdiklərindən razıyam. Mən onlara həmişə deyirdim ki, fərqli futbol oynamalıyıq və istənilən komandaya qarşı mübarizə apara bilərik. Bizim üçün ən vacib məqsəd növbəti mərhələyə yüksəlməkdir. Qarşıdakı oyunlarda vəziyyəti daha da yaxşılaşdırmaq şansımız var”.

Qeyd edək ki, bu matçın son dəqiqələrində Misirin futbolçuları Zizonun belçikalı müdafiəçi ilə toqquşmadan sonra yıxıldığı epizoda görə penalti təyin olunmasını tələb etsələr də, onların etirazı qəbul edilməyib. Baş məşqçi həmin epizoda da toxunub:

“Biz qələbəyə çox yaxın idik və həmin epizodda bizim xeyrimizə penalti verilməli idi”.

❌