Normal view

Before yesterdayMain stream

Milyarder Misir millisinin üzvlərinə 59 avtomobil hədiyyə edəcək

12 July 2026 at 15:00

BƏƏ-li iş adamı və milyarder Xələf əl-Həbtur futbol üzrə Misir millisinin dünya çempionatındakı uğurlu çıxışını xüsusi hədiyyə ilə mükafatlandıracaq.

Arena.az xəbər verir ki, bu barədə “The National” nəşri məlumat yayıb.

Əl-Həbtur komandanın futbolçularına, eləcə də məşqçi, inzibati və tibbi heyətinə ümumilikdə 59 ədəd “Mitsubishi Eclipse Cross” markalı krossover hədiyyə edəcəyini açıqlayıb:

“Misirin sevinci bütün ərəb dünyasının sevincidir. Bu hədiyyə ölkəsini ucaldan, azarkeşlərini sevindirən və bütün ərəblərə qətiyyət, əzm və döyüş ruhunun nümunəsini göstərən Misir qəhrəmanlarına sevgimizin və minnətdarlığımızın ifadəsidir”, – deyə milyarder sosial şəbəkə hesabında yazıb.

Əl-Həbturun təsis etdiyi “Al Habtoor Group” şirkətinin nümayəndəsi bildirib ki, 59 avtomobil artıq göndərilməyə hazırlanır. İş adamı mükafatın yalnız futbolçulara deyil, bütün texniki, inzibati və tibbi heyətə təqdim olunacağını vurğulayıb. Onun sözlərinə görə, əldə olunan uğur bütün kollektivin əməyinin nəticəsidir. Bu barədə artıq Misir Futbol Assosiasiyasına da məlumat verilib.

Qeyd edək ki, Misir millisi tarixində ilk dəfə dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Afrika təmsilçisi bu mərhələdə dünya çempionu Argentina yığmasına 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Daha əvvəl BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum da Misir millisinin çıxışını yüksək qiymətləndirərək, komandanın son dəqiqəyədək dünya çempionuna qarşı mübarizə apardığını bildirmişdi.

Hossam Hassan daha 4 il Misir millisində!

9 July 2026 at 14:00

Futbol üzrə Misir milli komandasınınn baş məşqçisi Hossam Hassan dünya çempionatındakı uğurlu çıxışdan sonra yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyası məlumat yayıb.

59 yaşlı mütəxəssisin yeni sözləşməsi 2030-cu ilədək nəzərdə tutulub. Əvvəlki sözləşmənin müddəti bu yay başa çatırdı.

Xatırladaq ki, Misir millisi ABŞ, Kanada və Meksikada təşkil edilmiş DÇ-2026-da uğurlu nəticələrə imza atıb. Komanda yalnız 1/8 finalda Argentinaya uduzaraq (2:3) mübarizəni dayandırıb.

Hossam Hassan 2024-cü ilin fevral ayından Misir yığmasına rəhbərlik edir. O, indiyə qədər bu komandanı 35 oyuna çıxarıb. Misir millisi bu görüşlərdə 20 qələbə qazanıb, 9 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, H.Hassan 178 matçda 69 qolla Misir millisinin tarixində bütün zamanların ən çox qol vurmuş oyunçusudur. Son olaraq Misirin “Modern Future” komandasını çalışdırmış mütəxəssis daha öncə İordaniya yığmasına da rəhbərlik edib. Onun çaışdırdığı komandalar arasında “Əl-Məsri”, “Əl-İttihad” (Aleksandriya), “Smouha”, “Piramids”, “Zamalek”, “Misr Lel Makkasa”, “İsmaili”, “Telecom Egypt” də var.

Skaloni qısa danışdı, həmkarı hakimləri və təşkilatçıları tənqid etdi

8 July 2026 at 00:30

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/8 final mərhələsində Misir yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları dramatik 3:2 hesablı qələbədən sonra emosiyalarını gizlədə bilməyib.

79-cu dəqiqəyədək 0:2 hesabı ilə geridə olan son dünya çempionu oyunun sonlarında ardıcıl üç qol vuraraq 1/4 finala yüksəlib.

“Bağışlayın, gözlərimi qaldıra bilmirəm. Hazırda məni çox güclü emosiyalar bürüyüb. Nə möhtəşəm komandadır, uşaqlar! Oyun boyunca üstünlük bizim tərəfdə idi. Qol vurmaq üçün çoxlu imkan yaratdıq. Mən də ehtiyat oyunçular skamyasında sizin kimi eyni həyəcanı yaşayıram. Komandamız heç vaxt irəli getməkdən və mübarizədən vaz keçmir. Çox kövrəlmişəm. Bu oyun bizim üçün əsl sınaq oldu. Biz məhz belə komandayıq. İşlər çətinləşəndə bütün gücümüzü ortaya qoyuruq. İnanırdıq ki, nə vaxtsa şans yaranacaq və oyunun taleyini öz xeyrimizə dəyişə biləcəyik. Hər şeyə görə təşəkkür edirəm! Məni bağışlayın, artıq getməliyəm”, – deyə Skaloni matçdan sonra bildirib.

Misir millisinin baş məşqçisi Hossam Hassan isə qarşılaşmadan sonra hakimliyi və turnirin təşkilatçılarını sərt tənqid edib. O, komandasının penalti qazanmalı olduğunu iddia edərək bəzi qərarların Argentinanın xeyrinə verildiyini bildirib:

“Fikrimcə, biz daha yaxşı oynadıq. Amma baş verənlər düzgün deyildi. Bizə ən azı iki epizodda penalti verilməli idi. Bilmirəm, niyə belə olmadı. Hesabı 3:1 edə bilərdik, amma əvəzində rəqib ikinci qolu vurdu. Bəlkə də məsələ marketinqdir. Ola bilsin ki, dünya çempionatını tanıtmaq, son çempionun yarışda qalmasını və Lionel Messinin turnirdə çıxışını davam etdirməsini istəyirlər. Buna baxmayaraq, biz üzərimizə düşəni layiqincə yerinə yetirdik.

Misir xalqına, ərəb və Afrika azarkeşlərinə demək istəyirəm ki, bəzən nə qədər çalışsan da, futboldan kənar amillər işi daha da çətinləşdirir. Mən məğlub olmağı sevmirəm, amma bu məğlubiyyət xüsusilə ədalətsiz təsir bağışladı. Futbolda oyunun və ustalığın hüdudlarından kənarda qalan məqamlar da var. Son dünya çempionuna qarşı oynayanda belə, ona hər tərəfdən dəstək verildiyi hiss olunur”.

DÇ-2026: Argentina Misir üzərində çətin qələbə ilə 1/4 finalda!

7 July 2026 at 22:30

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

Mundialın əsas favoritlərindən olan Argentina yığması Misir millisi ilə üz-üzə gəlib. Atlanta şəhərində (Corciya, ABŞ) təşkil edilmiş bu matçda Cənubi Amerika təmsilçisi əzmkar qələbəyə sevinib.

Görüşdə ilk iki qol Misir yığma komandasından gəlib. Yasser İbrahim (15) və Mustafa Ziko (67) Afrika təmsilçisinin qollarını vurublar. Bununla belə, özündə güc toplayan Argentina seçməsi son dəqiqələrdə ardıcıl 3 dəfə rəqib qapısına yol tapmaqla qalib gəlməyi bacarıb. “Tanqoçular”un heyətində Kristian Romero (79), Lionel Messi (83) və Entso Fernandes (90+3) diqqət mərkəzinə düşüblər.

Mundialın 1/8 finalına bu gecə keçiriləcək İsveçrə – Kolumbiya (00:00) oyunları ilə yekun vurulacaq. Daha öncə Fransa, Mərakeş, İspaniya, Norveç, İngiltərə və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

DÇ-2026
1/8 final
7 iyul

Argentina – Misir 3:2
Qollar: Kristian Romero, 79. Lionel Messi, 83. Entso Fernandes, 90+3 – Yasser İbrahim, 15. Mustafa Ziko, 67.

❌
❌